İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: Erməni dairələrinin təxribatçı fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə kölgə sala bilməz

Əli Həsənov: Erməni dairələrinin təxribatçı fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinə kölgə sala bilməz

01.04.2015

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından bir sıra antiazərbaycan yönümlü məlumatlar yayıb. Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib edib, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı xüsusi bəyanatla çıxış edib. AZƏRTAC Əli Həsənovun bəyanatını təqdim edir:

- Son zamanlar Azərbaycan və Türkiyənin rəsmi orqanları, ictimai təşkilatları, eləcə də Azərbaycan və Türkiyənin dünyanın müxtəlif ölkələrindəki diaspor qurumları tərəfindən reallaşdırılan müştərək tədbirlər, layihələr, əks kampaniya - bir sözlə, birgə fəaliyyət həddən artıq effektli və uğurlu olmuş, nəticədə Ermənistanın Türkiyə və Azərbaycan əleyhinə illərdir ki, həyata keçirdiyi çirkin təbliğat kampaniyası iflasa uğramışdır. Azərbaycan və Türkiyə əleyhinə formalaşdırılan qərəzli stereotiplər dağıdılmış, eyni zamanda, ermənilərin özləri haqqında uydurduqları “məzlum, əzabkeş erməni xalqı” obrazının, “erməni soyqırımı” iddialarının saxtalığı üzə çıxmışdır. Azərbaycan xalqının uzun illər ərzində erməni işğalçı qüvvələri tərəfindən məruz qaldığı soyqırımı və təcavüz barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılması sayəsində get-gedə daha çox beynəlxalq təşkilat, ayrı-ayrı dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları təcavüzkarı öz adı ilə çağırmağa başlamışdır. Son zamanlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən, Xocalı soyqırımının tanınmasını dəstəkləyən çoxsaylı qətnamələr qəbul edimişdir.

Beləliklə, ermənilər qondarma soyqırımının 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma soyqırımının 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır.

Bütün bunlara görə Ermənistan dövləti, onun xarici siyasətinə, yalanlar üzərində qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir. İndi onlar öz yalanlarını başqa ölkə rəsmilərinin fikirlərini açıq-aşkar təhrif etməklə yaymağa cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni mediasında yayılmış fikirlər bu baxımdan növbəti uğursuz cəhddir. Belə addımlar, ilk növbədə, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan–Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər.

http://azertag.az/xeber/842581