İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: “Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir”

Əli Həsənov: “Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir”

04.04.2015

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan tanınmış media nümayəndələri ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov nümayəndə heyətinəDağlıq Qarabağ münaqişəsi, bu problemin səbəb və nəticələri, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrindən danışıb.

Ə. Həsənov qeyd edib ki, tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir, Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək. Dövlət Komitəsinin sədri bildirib ki, diasporlar da ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər keçirir: “Türkiyə Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu gün bütün türk və müsəlman dünyası erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır. Son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağərazisinə köçürülməsi həyata keçirilib”.

Ə. Həsənov nəzərə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. Onun sözlərinə görə, Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib: “Təəssüf ki, bu sənədlər hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Beynəlxalq aləmdə baş verən bütün problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həll edilməməsinin əsas səbəbi dünya siyasətindəki ədalətsizlikdir. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün indiyədək 90 qəsəbə salıb, həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik”.

Nümayəndə heyəti adından çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının təmsilçisi Yılmaz Karaca isə belə görüşlərin sayının artırılmasının önəmini qeyd edib, bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza və yaymağımıza imkan yaratdığını vurğulayıb. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu söyləyib.

Görüşdə Türkiyə nümayəndə heyətinə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.