İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aleksandr Qessel: Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini yaxşı başa düşürəm

Aleksandr Qessel: Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini yaxşı başa düşürəm

09.04.2015

Aprelin 9-da Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndələri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ilə Avropa Şurasının səmərəli əməkdaşlığından, ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, Azərbaycanın sürətli inkişafı və buradakı sabitlik respublikamızın nə qədər düzgün yolda olduğunu göstərir.

Qeyd edilib ki, Azərbaycan Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır. Parlamentarilər, xüsusilə AŞPA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin yeni mərhələyə qalxmasına həmişə səy göstərib, yaranmış suallara vaxtında və düzgün cavab verməyə hazır olub və bundan sonra da bu istiqamətdə iş davam etdiriləcək.

Səməd Seyidov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirib ki, bu problem həll edilməyənədək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək.

Nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığı yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa Şurasının fəal üzvlərindən biri olduğunu söyləyib. A.Qessel deyib: “Həqiqətən ötən müddətdə Azərbaycan çox böyük işlər görüb. Ölkədə gedən prosesləri yaxından izləyirəm və Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini, ağrı-acısını yaxşı başa düşürəm”.

Qonaq səfər müddətində nümayəndə heyətinin Bakıda maraqlı görüşlər keçirdiyini və faydalı fikir mübadiləsi aparıldığını söyləyib. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

http://azertag.az/xeber/845016