İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazirin müavini Əli Həsənov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ilə görüşüb

Baş nazirin müavini Əli Həsənov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ilə görüşüb

09.04.2015

Bu gün baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov deyib ki, Azərbaycan DTİHB ilə uzun müddətdir, müxtəlif istiqamətlərdə, o cümlədən terrorizmə, insan alverinə qarşı mübarizədə, cəmiyyətin demokratikləşməsi, tolerantlıqla bağlı məsələlərdə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq yüksək səviyyədədir.

Ə. Həsənov bildirib ki, Azərbaycandakı tolerantlıq ənənələri dünyanın bir çox ölkəsi üçün nümunədir. Azərbaycanda keçirilən prezident və parlament seçkilərini müşahidə edən ATƏT/ DTİHB-in müşahidə missiyalarının rəhbərləri ilə görüşlər keçirdiyini xatırladan baş nazirin müavini bildirib ki, seçki prosesi zamanı aparılan müşahidələr ədalətli olmalıdır. Müşahidənin nəticələri burada yazılmalıdır, hazır gətirilməməlidir.

Ə. Həsənov qeyd edib ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır: "Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi bu gün Azərbaycanın ən əsas problemidir. Bu münaqişənin həlli  ilə əlaqədar hər zaman ATƏT-i və digər beynəlxalq təşkilatları tənqid edirəm. Amma tənqid edərkən də münaqişənin həll edilməməsinin sizdən asılı olmadığını bildirirəm. Bu gün Ermənistan 4 yerdən - Ermənistanın separatçı rejimi, Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və Rusiya siyasətçiləri tərəfindən idarə olunur. Ona görə də bu, artıq yalnız Ermənistanla Azərbaycanın deyil, bütün dünyanın problemidir. Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməyə imkan verir. Ancaq Azərbaycan xalqı müharibə istəmir”.

Mixael Link səfər çərçivəsində qaçqın və məcburi köçkünlərin problemləri ilə tanış olmaq istədiyini söyləyib: “Əgər yüz minlərlə insan öz doğma torpağında yaşaya bilmirsə, bu, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu olaraq münaqişə nəticəsində meydana çıxmış problemlərin həlli istiqamətində səy göstərə bilərik və bu məsələdə Azərbaycanla əməkdaşlıqda maraqlıyıq”.

M. Link bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı ATƏT/DTİHB-nin müşahidə missiyasını şəffaf və qərəzsiz şəkildə təşkil edəcəyinə əminliyini ifadə edib.