İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyənin İzmit şəhərində Xocalı abidəsi açılıb

Türkiyənin İzmit şəhərində Xocalı abidəsi açılıb

23.04.2015

Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə - aprelin 22-də Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin açılışı olub. 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, açılış mərasimində TADEF sədri Bilal Dündar çıxış edərək Xocalı soyqırımı haqqında mərasim iştirakçılarına məlumat verib. B.Dündar bu günün iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diaspor rəhbəri abidənin hazırlanmasında göstərdiyi dəstəyə görə İzmit Bələdiyyəsinə təşəkkür edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də abidənin ucaldılmasına görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan başda olmaqla hər kəsə təşəkkürünü bildirib. V.Hacıyev abidənin açılışının Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində təşkil edilməsinin ayrıca əhəmiyyət kəsb etdiyini qeyd edib: "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan bu abidə dünyadakı erməni yalanlarına ən gözəl cavabdır. Nə Türkiyədə, nə də Azərbaycan torpaqlarında kütləvi erməni məzarlarına rast gələ bilməzsiniz. Kütləvi məzarlarda həmişə türklər vardır. Tarixin heç bir mərhələsində türklər ermənilərə qarşı soyqırım aktı həyata keçirməyib”.

İzmit Bələdiyyəsinin sədri N.Doğan da çıxışında türk millətinin bütün döyüşlərdə mərdlik nümayiş etdirdiyini, qadına, uşağa, yaşlıya qarşı silah qaldırmadığını, ermənilərin isə Azərbaycanda dinc əhalini amansızcasına qətlə yetirdiyini deyib. Faciə qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağını deyən N.Doğan bu abidənin də soyqırım həqiqətlərinin gələcək nəsillərə ötürmək məqsədi daşıdığını qeyd edib.

Xocalı abidəsinin açılış mərasimində Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin nümayəndəsi Zəkəriyyə Özak, Azərbaycan Türk diaspor təşkilatlarının, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib.

Sonda İzmit Bələdiyyəsinin sədri N.Doğana Azərbaycan diasporuna göstərdiyi diqqətə və dəstəyə görə plaket təqdim olunub.

Qeyd edək ki, Xocalı abidəsi İzmitin Yenişəhər məhəlləsindəki parkda, Bələdiyyənin Park və Bağçalar müdirliyi tərəfindən hazırlanan layihə əsasında inşa edilib. 2,5 metr hündürlüyü olan abidə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarətdir. Abidənin üzərində soyqırımı əks etdirən fotolar və Xocalıda qətlə yetirilmiş 613 nəfərin adı həkk olunub.