İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: "Regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunmasının qeyri-mümkünlüyü barədə xəbərdarlıq etmişik”

Əli Həsənov:

28.04.2015

“SSRİ dağıldıqdan sonra müstəqillik əldə etməsi məqamında bəzi dövlətlərin bir-birinə qarşı yönələn ərazi iddialarının təməlində bir tərəfdən tarixən beyinlərində formalaşan "böyük dövlət" iddialar dayanırdısa, digər tərəfdən də regional güclərin bilərəkdən bu münaqişə ocaqlarını yaratması siyasəti vardı. SSRİ dağıldıqdan sonra belə münaqişə ocaqları Azərbaycan və Ermənistan arasında, Gürcüstanla  muxtar qurumları olan Abxaziya və Cənubi Osetiya arasında, Moldovada Dnestryanı, Ukraynada, Rusiyanın özündə və digər bölgələrdə yarandı. Biz 1992-ci ildə bu münaqişələrin təhlükəsi haqqında məsələni ilk dəfə ATƏT-in Helsinki sammitində, daha sonra 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1998-ci ildə isə İstanbul sammitlərində və sondakı tədbirlərdə qaldırmışıq, regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunmasının qeyri-mümkünlüyü barədə xəbərdarlıq etmişik”.

 APA-nın məlumatına görə, bunu, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov III Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.

Ə. Həsənov xatırladıb ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası (TŞ) 4 dəfə toplanıb və Ermənistan əleyhinə qətnamələr qəbul edib. Qətnamələrin tələbləri Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi, qoşunları təmas xəttindən çəkilməsi, daha sonra iki dövlət arasında münaqişənin tam həlli barədə danışıqlar aparılması ilə bağlı olub: "Bunun üçün ATƏT-in Minsk Qrupu yaratdılar. Daha sonra xüsusi həmsədrlik institutu ilə ABŞ, Fransa və Rusiyanı daxil etdilər. Lakin Avropa və dünyada cərəyan edən ikili standartlar nəticəsindəBMT Təhlükəsizlik Şurasının qəbul etdiyi o 4 qətnamə həyata keçmədi. Buna görə də Dağlıq Qarabağ problemindən ruhlanan Abxaziya və Cənubi Osetiya münaqişəsi Gürcüstanın, Dnestryanı problemi Moldovanın ərazi bütövlüyünü təhdid elədi. Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiyanın öz ərazisində - Çeçenistanda, Dağıstanda etnik münaqişələr başlandı. Biz bir daha beynəlxalq aləmə bu məsələlərə prinsipial yanaşmaq lazım olması barədə çağırışlar etdik".

Ə. Həsənov təəssüflə qeyd edib ki, nə BMT öz qərarlarının icrası üçün prinsipial addımlar atıb, nə də Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin, işğalın qarşısını alıb: "Nəticədə nə baş verdi? Nəticədə Ukrayna məsələsi oldu. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydi, bu münaqişələr yaşanmazdı”.

Ə. Həsənov deyib ki, müasir dünyada münaqişələrin həll edilməməsinin birinci səbəbi beynəlxalq hüquq normalarının pozulması və bu normalara əməl olunmasının BMT Təhlükəsiz Şurası tərəfindən prinsipal təmin olunmamasıdır: “1992-ci ildən bəri BMT TŞ-nın 4 qətnaməsi havadan asılı qaldığı halda, bir günün içində Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və icra edildi. Bir günün içində Misirə və Yuqoslaviyaya qoşun yeridildi. Deməli, söhbət ondan gedir ki, beynəlxalq güclər onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir və onun təmin olunması üçün hərəkətə keçirlər. Amma onlara sərf etməyəndə öz maraqları çərçivəsində oynayırlar. Bu oynamanın nəticəsində Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb”.