İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ Dağlıq Qarabağda qondarma “seçkilərin” yekunlarını tanımayacaq

ABŞ Dağlıq Qarabağda qondarma “seçkilərin” yekunlarını tanımayacaq

02.05.2015

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz oyuncaq rejim mayın 3-də “parlament seçkiləri” keçirəcək.

Mayın 1-də ABŞ Dövlət Departamentində keçirilən brifinqdə AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunu hərbi nəzarət altında saxlayan qondarma rejim mayın 3-də “parlament seçkiləri” keçirməyə hazırlaşır, bununla da beynəlxalq birliyin sülhə nail olmaq və münaqişənin dinc yolla həlli üzrə səylərə ziyan vurmamaq üçün belə addım atmamaq barədə çağırışlarına məhəl qoymur.

Bu rejimi heç bir dövlətin və beynəlxalq qurumun tanımayacağını vurğulayan və bir neçə ölkənin və beynəlxalq qurumun, o cümlədən Türkiyə, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, habelə həmsədrlərindən birinin ABŞ olduğu ATƏT-in Minsk qrupunun keçiriləcək “seçkilərlə” bağlı artıq öz narazılıqlarını bildirmələrini nəzərə alan Y.Babanlı ABŞ Administrasiyasından keçiriləcək qanunsuz “seçkilərə” dair mövqeyini bildirməsini xahiş edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratke suala cavabında deyib: “ABŞ Dağlıq Qarabağı müstəqil, suveren ölkə kimi tanımır və bununla əlaqədar olaraq, mayın 3-də keçiriləcək “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcək”. Cef Ratke həmçinin bildirib: “ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu “seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir”.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu 1992-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərində oyuncaq rejim qurulub. ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparılır.