İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

1915-ci il aprelin 24-də nə baş verib?

1915-ci il aprelin 24-də nə baş verib?

02.05.2015

Erməni təbliğatına inansaq, 100 il bundan əvvəl ermənilərə qarşı soyqırımı həyata keçirilib və bu soyqırımı aprelin 24-də “Gənc Türklər” hökumətinin erməni xalqının bütün paytaxt elitasını həbs edib onları yalniz milliyyətinə görə məhkəməsiz-istintaqsız edam edərək bu millətin bütün qaymağını məhv etməsi ilə başlanıb.

Biz yuxarıda dırnaq işarəsindən bilərəkdən istifadə etmədik, yoxsa hər kəlməni dırnağa almalı olardıq. Gəlin, bunun əvəzinə arxiv mənbələrinə müraciət edək. O mənbələrə ki, erməni tərəfi onlara yaxın düşməyə belə qorxur. Faktlar, yalnız və yalnız faktlar!

Beləliklə, 1915-ci ilin aprel ayı. Ənvər Paşanın Sarıqamış qəzasından sonra Şərq cəbhəsində rus qoşunları erməni könüllü drujinaları və Osmanlı ordusunun onların tərəfinə keçmiş fərari erməni hərbi qulluqçuları ilə birlikdə hücuma keçərək dinc türk əhalisini məhv etməyə və erməni silahlı quldur dəstələrinin (onları necə istəsəniz - “partizanlar”, “vətənpərvərlər”, “fədailər”, yaxud “qiyamçılar” adlandıra bilərsiniz, lakin mahiyyət dəyişməz qalır) cəbhənin əks tərəfində, osmanlıların arxa cəbhəsində apardıqları əməliyyatları əlaqələndir. Rus ordusunun hücumu bir sıra şəhərlərdə ermənilərin silahlı qiyamı ilə (istəyirsiniz bunu “türk işğalçılarının çoxəsrlik əsarətinə qarşı ümumxalq üsyanı” adlandırın), bütün Şərqi Anadoluda hakimiyyətin ələ keçirilməsi və yerli müsəlman əhalisi arasında qırğın törədilməsi ilə müşayiət olunub (bunu soyqırımı adlandıraq, ya adlandırmayaq?). Bununla yanaşı, müttəfiqlər Çanaqqalada (Qallipolidə) yerləşib İstanbulu ələ keçirəcəkləri ilə hədə-qorxu gəlirdilər. Yalnız dövlətin deyil, həmçinin ölkənin şərqində sürətlə məhv edilən bütöv bir xalqın taleyi tükdən asılı idi.

Bunlar 1915-ci ilin aprel ayında ölkədəki vəziyyəti səciyyələndirən faktlardır və sağlam düşüncəyə malik heç bir kəs onları təkzib edə, yaxud “yalan” adlandıra bilməz.

Belə bir zamanda Osmanlı kəşfiyyatına məlum olur ki, müttəfiqlər paytaxtda vəziyyətin sabitliyini pozmaq üçün plan işləyib hazırlayıblar və bu plana aprelin 27-də Beşinci Sultan Məhmətin taxta minməsinin ildönümü zamanı silsilə terror aktlarının törədilməsi, bir sıra yüksək vəzifəli dövlət məmurlarının – Ənvər Paşanın, Tələt Paşanın və başqalarının həyatına qəsd edilməsi daxil idi. Terror aktlarını o zaman qadağan olunmuş “Daşnaksütyun”, “Ramkavar” və “Qnçaq” erməni partiyalarının üzvləri törətməli idilər. Bu partiyalar artıq çoxdan operativ müşahidə altında idilər və agentura mənbələrindən onların rəhbərlərinin müdhiş planları və həmin partiyaların bir çox üzvlərinin dövlət əleyhinə fəaliyyəti məlum idi.

1915-ci il aprelin 24-nə olan vəziyyətə görə, İstanbulda 77.735 erməni yaşayırdı. Aprelin 24-dən 25-nə keçən gecə, yəni planlaşdırılmış terror aktlarından üç gün əvvəl İstanbul polisi qadağan olunmuş erməni partiyalarının uzun müddətdən bəri nəzarət altında olan yüzlərlə üzvünün mənzillərinə gözlənilmədən reydlər edib. Bu genişmiqyaslı əməliyyat zamanı mənzillərində silah, döyüş sursatı və başqa dəlillər aşkar edilmiş yalnız 235 şübhəli şəxs saxlanılıb. Axtarış zamanı evindən heç nə çıxmamış partiya üzvləri isə (arxivlərdə onların dəqiq sayı barədə sənədlər aşkar edilməyib) həbsdən yaxa qurtara biliblər, halbuki agentura məlumatına görə, onlardan şübhələnmək üçün əsas vardı. Həbsə alınmış 235 şəxsə gəldikdə isə “ziyalıların” bu nümayəndələrinin (onların hamısı sən demə “sözləşiblərmiş kimi” qadağan olunmuş partiyaların üzvləri imiş) mənzillərindən 19 mauzer, 74 ədəd Martini tipli tüfəng, 111 ədəd Vinçester tipli tüfəng, 3.591 tapança, bu tapançalar üçün 45.221 patron, “bəstəkarların”, “keşişlərin” və “şairlərin” terror aktları və qətllər üçün tədarük gördükləri xeyli partladıcı maddə tapılıb. Bəli, xalqın qaymaqları bunlar idi.

Bu gün müharibə etməyən Avropada və ya ABŞ-da belə bir şey olsaydı, mətbuat bu ilkin tədbirləri “Əl-Qaidə”nin, Olsterin İrlandiya Respublikası Ordusunun, yaxud baskların ETA təşkilatının planlaşdırdıqları terror aktlarını aşkar etmiş “xüsusi xidmət orqanlarının gözəl işi” adlandırardı. Bütün bunlar dünya müharibəsində rəqib dövlətdə, üstəlik müsəlman dövlətində baş verdiyi üçün təbii ki, əməliyyatın xarakteristikası “məzlum” xristian əhalisinə qarşı “soyqırımının başlanmasından” başqa bir şey ola bilməzdi. Görürsünüzmü, müttəfiqlərin planları pozulub və əsas nazirlərin beşinci dəstənin əli ilə öldürülməsinə yol verilməyib!

Eybi yox, Allahları bilsin. Yaxşı ki, alçaqları qabaqlayıblar.

Beləliklə, o vaxt paytaxtda yaşayan 77.735 ermənidən 235 nəfəri tutulmuşdu. Bəzi tarixçilər bu rəqəmin 1800 və hətta 2345 olduğunu yazırlar, lakin bu rəqəmlərin istinad mənbəyi yoxdur, havadan götürülmüş rəqəmlərdir. Osmanlı arxiv sənədləri aprelin 24-dən mayın 24-dək olan dövrdə 235 erməninin həbsə alındığını təsdiqləyir. Onların bir hissəsini (təxminən 70 nəfəri) sonrakı təhqiqat üçün Ayaş şəhərindəki hərbi bazaya, 140 nəfərdən ibarət digər bir qismini isə Çankırıya (avqustun 31-dək oraya göndərilənlərin sayı 155 nəfərə çatıb) göndəriblər.

Sual olunur: əgər türklər soyqırımı barədə düşünürdülərsə, bu lazımsız təhqiqatlar və baha başa gələn köçürmələr nə üçün idi? Elə sadəcə başlarını kəsib atmaq olmazdımı?

Məsələdən uzaqlaşmayaq. Çankırıya göndərilənlər şəhərə yaxın olan bağ evlərində yerləşdirilmişdilər. Onlar rahatca şəhəri gəzə, qəzet ala, türk qəhvəsi içə və bu gözəl şəhərin açıq qəhvəxanalarında qəlyan çəkə, Anadolu baharından zövq ala bilərdilər, yalnız gündə bir dəfə yerli polisdə qeydiyyatdan keçməli idilər və ən azından özlərini elə göstərməli idilər ki, guya siyasət onları maraqlandırmır, yaxud dünya müharibəsində guya onlar yaşadıqları doğma dövlətin məğlubiyyətini istəmirlər. Onların bəziləri hətta ərizə yazdıqdan sonra cib xərcliyi də alırdı. Məsələn, maddi ehtiyacının olduğu barədə ərizə yazmış Arşak Mardirosoviç Diradoryan adlı birisi hər gün türk vergi ödəyicisindən xərclik pul alırdı.

Maraqlı “soyqırımıdır”, elə deyilmi?

Davam edək: Bir aydan sonra sürgün edilənlərin hamısına seçim imkanı verildi: ya Çankırıda qalıb yaşamaq, ya da İstanbula qayıtmaq üçün icazə istəmək (şəxsən və ya qohumlar adından). Xəstələr, əcnəbi təbəələr, habelə təqsiri müəyyən edilməmiş insanlar İstanbula qayıdıblar və ya öz vətənlərinə deportasiya ediliblər. Geri qayıdanların bəzilərinin - təqsirli olduğunu təsdiqləyən dəlillərin kifayət qədər olmadığı şübhəli şəxslərin ailəsi ilə birlikdə İstanbuldan kənarda yaşamasına icazə verilib.

Azad edilənlərdən bəziləri qeyri-leqal surətdə İstanbula soxularaq köhnə əməllərinə qayıdıblar. Məsələn, daşnak Serkis Kilinçyan kimi. O, Eskişəhərdə yaşamalı olduğu halda, gizlicə İstanbula gəlib, alman firmasının köməyilə Bolqarıstana keçərək Osmanlı imperiyasına qarşı vuruşan dəstələrə qoşulub. Yəqin ki, müharibədən sonra onun uşaqları və nəvələri Kaliforniyaya, yaxud Parisə köçüb özlərini "descendants of the genocide survivor" adlandırmağa başlayıblar.

İstanbuldan Çankırıya göndərilmiş 155 ermənidən 35-nə bəraət verilib və planlaşdırılmış terror aktlarında iştirakı təsdiqləyən dəlillər olmadığına görə azad edilib və onların İstanbula qayıtmasına icazə verilib; 57 nəfərə İstanbula qayıtmamaq şərtilə bəraət verilib və onlar başqa şəhərlərdə yaşamağa göndəriliblər; 25 nəfər mühakimə olunaraq Ankara və Ayaş hərbi bazalarına göndərilib. Qalan 31 nəfər müqəssir elan olunsa da əfv ediliblər. Onlardan 13-ü yaşamaq üçün İzmitə, 10-u Eskişəhərə (o cümlədən həmin yaramaz Serkis Kilinçyan), hərəsinə iki nəfər olmaqla Kütahya, Bursa və Kastamonuya, hərəsinə bir nəfər olmaqla Geyve və Kayseriyə göndərilib. 7 əcnəbidən üçü vətəninə deportasiya edilib, qalan dörd nəfərin ölkədə yaşamasına icazə verilib.

Mühakimə olunub Ankaraya və Ayaşa göndərilmiş 25 nəfər İstanbul ermənisinin çoxu bütün müharibəni orada keçirib və Mudros sülh müqaviləsi imzalandıqdan sonra azad edilib. Yalnız bir nəfər – Dikran Serkisoviç Baqdikyan 1918-ci il martın 9-da həbsxanada ölüb. Hər gün ölkənin yüzlərlə sakini aclıqdan öldüyü halda, həbsdə olan erməni terrorçularını yedizdirirdilər.

24 aprel tarixli təmimnaməyə görə, İstanbulda həbsə alınmış 235 nəfərdən başqa, ölkənin digər şəhərlərində qadağan olunmuş partiyaların 252 üzvü də saxlanılmışdı.

Qadağan olunmuş partiyaların saxlanılmış 487 üzvündən yalnız 20 nəfəri lazımi təhqiqatdan sonra ölüm cəzasına məhkum edilib (onlardan ikisi qiyabi olaraq). Bu şəxslər Osmanlı imperiyasının cinayət məcəlləsinin 54-cü maddəsi üzrə təqsirli biliniblər və iyunun 15-də barəsində ölüm hökmü çıxarılmış iyirmi nəfərdən 18-i edam edilib. Bir nəfər həbsxanada ölüb, qalanları isə müharibənin sonunadək rahat, bəziləri isə hətta komfortlu həyat sürüb.

1915-ci il aprelin 24-də guya “minlərlə günahsız ziyalının” şəhərdən kənara aparılaraq güllələndiyi barədə uydurma budur. Faktlarla heç bir əlaqəsi olmayan başdan-başa yalan!

İndi isə təsəvvür edin ki, İkinci Dünya müharibəsi illərində nasist Almaniyasında müttəfiqlərlə əlbir olub Reyx nazirlərinin həyatına qəsd etməyə hazırlaşan gizli yəhudi təşkilatının üzvlərini həbs edirlər və təhqiqatdan sonra onlara hələ cib xərcliyi də verirlər, məhkəmə kifayət qədər dəlil olmadığına görə müttəhimlərə bəraət verir, bəzi məhkumları isə əfv edir. Gizli fəaliyyət göstərən yəhudilər də tam sərbəst buraxılır. Təsəvvür edirsinizmi?

Bəli, bu da sizə “erməni Holokostu”!

AZƏRTAC