İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Misirin “Əl-Əxbar” qəzetində Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqalə dərc olunub

Misirin “Əl-Əxbar” qəzetində Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqalə dərc olunub

05.05.2015

AZƏRTAC:

Misirin “Əl-Əxbar” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edilib.

Qəzetin baş redaktorunun müavini Əla Tofiqin müəllifi olduğu məqalədə münaqişənin tarixindən ətraflı bəhs edilir.

Ə.Tofiq 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə bağlı Ermənistan parlamentində qəbul olunan qərarın Azərbaycan torpaqlarının işğal edilməsinin başlanğıcı olduğunu vurğulayıb. Bunun ardınca Azərbaycan torpaqlarının daha bir hissəsinin-ətraf yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunduğu, beləliklə də hazırda Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığı diqqətə çatdırılır. İşğal nəticəsində 20 mindən artıq azərbaycanlının şəhid olduğu, 50 mindən çox insanın yaralandığı, 5 min insanın itkin düşdüyü qeyd edilir.

Müəllif BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum dörd qətnaməsini xatırladaraq, indiyədək Ermənistan tərəfindən həmin qətnamələrin yerinə yetirilmədiyini bildirir.

Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərilən səylərin indiyədək heç bir nəticə vermədiyi vurğulanır.