İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Erməni KİV-ləri: “Ermənistanın və onun vətəndaşlarının gündəliyi tamamilə başqadır, ölkə fəlakət vəziyyətinə düşüb”

Erməni KİV-ləri: “Ermənistanın və onun vətəndaşlarının gündəliyi tamamilə başqadır, ölkə fəlakət vəziyyətinə düşüb”

04.05.2015

AZƏRTAC:

Rusiyanın “REGNUM” informasiya agentliyində əsasən erməni dilində çıxan Yerevan KİV-lərinin “Minsk qrupunda Bakının arxasında Rusiya dayanıb” sərlövhəli şərhi yerləşdirilib.

Şərhdə deyilir ki, “Aravot” qəzetinin yazdığına görə, Gümrüdə Rusiya hərbi qulluqçusunun bir ailənin güllələnməsində ittiham edilməsi hadisəsi və Rusiya ilə Azərbaycanın fəal hərbi əməkdaşlığı üzündən Ermənistan cəmiyyətində Rusiyaya etimad yavaş-yavaş azalır. Nəşr hesab edir ki, əgər ABŞ ilə Fransa üçün Yerevan, heç olmazsa, Qarabağa dair danışıqlarda sabit tərəfdaşdırsa, belə təəssürat yaranır ki, ATƏT-in Minsk qrupunda Azərbaycanın arxasında əsas etibarilə Rusiya dayanıb.

“Çorrord İşxanutsyun” qəzeti diqqəti Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiya televiziyasının birinci kanalına müsahibəsi üzərində cəmləşdirərək yazır: “İş o yerə gəlib çatıb ki, S.Sarkisyan sovet dövrünü Ermənistanın dirçəliş dövrü adlandırır. Sarkisyan deyir: “Biz Sovet İttifaqında özümüzü təhlükəsiz hiss edirdik, biz dirçəlmişdik”. Belə olan vəziyyətdə əcnəbi tamaşaçı düşünə bilər ki, “bütün bunlardan sonra yalnız səfehlər müstəqillik xülyasına düşə bilərlər”.

S.Sarkisyan ermənilərin səfehliyini başqa bir fikrində təsbit edib. O, Vladimir Poznerin Ermənistanın monoetnik cəmiyyət olması haqqında iradına özü bildiyi kimi belə aydınlıq gətirib: ”Ermənilər çara həddən ziyadə sadiq olublar” S.Sarkisyan V.Poznerin heyrəti qarşısında qeyd edib ki, “ermənilər sadiq olduqları üçün çar erməni ərazilərində başqa millətləri yerləşdirməyib. Məqsəd burada ictimai-siyasi əhval-ruhiyyəni zəiflətmək və lazım gəldikdə təsir vasitəsinə malik olmaq olub”.

“168 çasov” qəzeti ekspertlərə müraciət edərək Ermənistanın Avrasiya İqtisadi İttifaqı üzrə tərəfdaşı olan ölkələrin - Belarus və Qazaxıstanın prezidentlərinin Yerevanda xatirə tədbirlərində iştirak etməmələrinin səbəbi ilə maraqlanıb. Qazaxıstan Prezidentinin keçmiş mətbuat katibi Seytkaz Matayev qəzetə bildirib ki, aprelin 26-da Qazaxıstanda prezident seçkiləri nəzərdə tutulduğu üçün N.Nazarbayevin Yerevana gəlməsini təsəvvür etmək çətin olardı. Belaruslu politoloq Valeri Karbaleviç isə qəzetə bəyan edib ki, V. Lukaşenkonun Yerevanda tədbirlərdə iştirak etməməsinə Ermənistan-Belarus ticari-iqtisadi münasibətlərinin əhəmiyyətsizliyi səbəb olub. Ermənistan-Belarus münasibətləri rəsmi Minsk üçün bir o qədər də əhəmiyyətli deyildir. Yerevanın maliyyə ehtiyatları o dərəcədə azdır ki, V.Lukaşenko səfərə vaxt sərf etməmək qərarına gəlib. Bununla belə, o hesab edir ki, Belarus-Türkiyə münasibətləri yetərincə hamar və tarazlaşdırılmışdır. Minsk bu münasibətləri zərbə altına qoymaq istəmir.

“Qraparak” qəzeti Styopa Safaryanın sözlərini sitat gətirir. O hesab edir ki, N.Nazarbayevin və V.Lukaşenkonun Yerevana səfər etmələrini gözləməyə dəyməzdi: “Qazaxıstan və Belarus dəfələrlə bildiriblər ki, Bakıdakı tərəfdaşlarını əsəbiləşdirən addımlar atmayacaqlar. Bakı isə ermənilərin soyqırımı məsələsində Ankara ilə vahid mövqedən çıxış edir. Onlar Azərbaycanın tərəfdaşları kimi belə bir addım atmazlar”.

“Aravot” qəzeti isə hesab edir ki, əgər bütün ermənilər Ermənistanın siyasi və iqtisadi məsələlərinin həlli ətrafında birləşsə, soyqırımının tanınmasına sərf edilən qədər güc, həyəcan və resurs sərf olunsa, nəticələr də sanballı olar. Nəşrin yazdığına görə, Ermənistan qurban, özünə işgəncə vermək kompleksindən və “belə etsəydik, belə olardı” kimi fikirlərdən birdəfəlik əl çəkməli və öz fikrini “müsbət hadisələr” üzərində cəmləşdirməlidir.

“Çorrord İşxanutsyun” qəzeti hesab edir ki, Ermənistan hakimiyyəti “Ermənilərin soyqırımının 100 illiyi” mövzusunu ölkənin siyasi gündəliyinin birinci məsələsinə çeviriblər. Məqalə müəllifi yazır: “Hakimiyyət tərəfindən diktə edilən gündəliklə Ermənistan Respublikasının və onun vətəndaşlarının gündəliyi arasında ümumi heç nə yoxdur. Ermənistanın və onun vətəndaşlarının gündəliyi tamamilə başqadır, ölkə fəlakətli vəziyyətə düşüb, Serj Sarkisyanın hakimiyyəti isə uçuruma yuvarlanmanı dayandırmaq iqtidarında deyil. Sosial-iqtisadi durumdan çox danışılır, hakimiyyət vəd edilmiş 4 faizlik iqtisadi artımı təmin edə bilmir və yalnız 2,5 faiz artımdan danışır”.