İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparıb”

Azərbaycan prezidenti: “Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparıb”

14.05.2015

“Bu gün regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi apardıq. Mən cənab prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illər bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə, işğal davam edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

İ. Əliyev qeyd edib ki, Ermənistanın işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. “Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib. BMT, onun Təhlükəsizlik Şurası,ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər”, - deyə o bildirib.

Azərbaycan prezidenti vurğulayıb ki, bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır: “Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir”