İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il keçir

Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il keçir

18.05.2015

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il keçir.

1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, 60 min nəfərə yaxın sakini öz doğma torpağından didərgin salıb. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. 72 min hektarlıq yaylaq sahəsi olan Laçın rayonunda ictimai və şəxsi təsərrüfatlardakı 25 min baş iri və 200 min başdan artıq davar, minlərlə arı ailəsi, əhalinin bütün əmlakı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Rayonun relyefi dağlıqdır. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araza qovuşur.

23 ildir ki, işğal altında qalmış Laçın rayonunun təbii sərvətləri ermənilər tərəfindən talan edilir. Rayon ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), əhəngdaşı, Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, həmçinin Quşçu pemza, Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, əqiq, 2 əlvan bəzək daşı, 3 vulkan külü və Minkənd mineral su yataqları mövcuddur.

1961-ci ildə rayon ərazisində nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Laçın Dövlət Təbiət Yasaqlığı 20 min hektar, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu isə 240 hektar ərazini əhatə edirdi. Qoruqda 68 növdən və 27 fəsildən ibarət bitki örtüyü vardır.

Laçın Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılıb.

Rayon üzrə 33 min 285 hektar meşə fondu torpaqları var ki, bunun da meşə ilə örtülü sahəsi 26 min 647 hektardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.

Laçın rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, birtağlı və ikitağlı körpülərlə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarıdır.

Ağoğlan məbədi (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsarlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Qaranlıq kaha, Bayqara mağaraları, Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, X-XIX əsrlərə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbirstanlıqlar və onlarca digər məbədlər 23 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib. Laçın rayonda mövcud olan tarixi, mədəni və dini abidələrin bir çoxu dağıdılıb, bir çoxu isə erməniləşdirilib.

Təəssüf ki, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən yerinə yetirilmir.

Laçın rayonunun hazırda 74 min nəfərdən çox sakini 23 ildir ki, məcburi köçkün kimi respublikanın 59 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində 84 obada məskunlaşıb. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də 552 ailəlik yeni qəsəbənin açılışında iştirak edib. 2015-ci ildə ərazidə 1500 ailəlik daha bir qəsəbənin tikintisinə başlanılması nəzərdə tutulub.

Ötən dövrdə 13 min nəfərdən çox laçınlı məcburi köçkünün məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində geniş tikinti-abadlıq işləri aparılıb, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, 121 saylı Laçın seçki dairəsi, rayon polis şöbəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, təhsil şöbəsi, Malıbəy obasında tibb məntəqəsi, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri, “Kapital bank” ASC-nin rayon filialı üçün inzibati binalar, mədəniyyət evi, xəstəxana, 5 ümumtəhsil məktəbi, 4 uşaq bağçası tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, Gənclər parkı salınıb, dahi rəhbərin büstü qoyulub, Şəhidlər abidə kompleksi inşa edilib.

Taxtakörpü ərazisinə təbii qaz xətti çəkilib, 256 və 512 nömrə tutumlu iki elektron ATS quraşdırılıb, qəsəbədə və ərazidəki obalarda artezian quyuları qazılıb, modul tipli su təmizləyici qurğu quraşdırılıb. Ərazidə əkin və otlaq sahələrini suvarmaq üçün beton üzlüklü kanal çəkilib, təsərrüfat su kanalı şəbəkəsi yaradılıb.

Bütün bunlara baxmayaraq, laçınlıların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Torpaqlarımızın düşməndən azad edilməsi üçün laçınlı gənclər həvəslə hərbi məktəblərə üz tuturlar. “Gənclərin hərbi vətənpərvərlik hissinin artırılması və hər ailədə bir zabit” devizi ilə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü əhali tərəfindən rəğbətlə qarşılanıb.

Laçınlı məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, Laçın niskili, doğma yurd həsrəti ilə yaşayırlar və inanırlar ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz, o cümlədən Laçın rayonu düşmən tapdağından azad ediləcək. Bu gün Vətən həsrəti ilə yaşayan laçınlılar bir nəfər kimi torpaqlarımızın işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.