İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İslam Əməkdaşlıq Təşkilatı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamə qəbul edib

İslam Əməkdaşlıq Təşkilatı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamə qəbul edib

29.05.2015

27-28 may 2015-ci il tarixlərində Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” başlıqlı 42-ci toplantısının yekun Bəyannaməsi qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bəyannamənin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır.

Sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adı altında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir. Sənəddə eyni zamanda, Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyətin Ermənistan üzərinə düşdüyü qeyd olunur.

Həmçinin, qətnamədə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalın davam etdirilməsinin qarşısının alınması üçün İƏT-in üzv dövlətləri Ermənistana silah satmamağa və bu ölkəyə silah satışı qismində ərazilərindən tranzit dövlət kimi istifadəyə yol verməməyə çağırılırlar.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.

Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd edilir. Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur. Ermənistandan o da tələb olunur ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.

Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.