İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in sədri Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin siyasi iradə nümayiş etdirməsini vacib sayır

ATƏT-in sədri Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin siyasi iradə nümayiş etdirməsini vacib sayır

01.06.2015

Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hakim partiyadan YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin tərkibi, parlamentdə 11 siyasi partiyanın təmsil olunduğu barədə məlumat verdi. Qonaqları ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarında görmək istədiyimizi bildirdi. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söz açdı. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğumuzu diqqətə çatdırdı. Separatçı rejim tərəfindən həbs olunaraq ağır cəzaya məhkum edilmiş kəlbəcərli girovlar Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilərək Azərbaycana qaytarılması üçün ATƏT-in köməyinə ehtiyac olduğunu söylədi. Qarşıdan parlament seçkilərinin gəldiyini qeyd edərək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçirilən bütün seçkilərə qərəzli yanaşmasına etirazımızı bildirdi.

Sonra görüşdə iştirak edən digər siyasi partiyaların rəhbərləri fikirlərini bölüşdülər. Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd etdi ki, müxalifət partiyası olmağımıza baxmayaraq, Dağlıq Qarabağ məsələsində və ümummilli maraqlara toxunan məsələlərdə mövqeyimiz iqtidarla üst-üstə düşür: "Azərbaycana ikili standartlarla yanaşan bir sıra Avropa qurumlarında Bakıda keçiriləcək I Avropa Oyunları ilə insan haqları məsələsinin qarşı-qarşıya qoyulmasını düzgün saymırıq".

Görüşdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli addımların atılması vacibliyini vurğuladılar. Son aylarda Ermənistan ordusunun mütəmadi olaraq cəbhə xəttində atəşkəs rejimini pozduğunu, nəticədə əsgərlər arasında xeyli ölən və yaralananların olduğunu nəzərə çatdırdılar. 22 ildən bəri heç bir nəticə əldə etməyən ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıqlarını dilə gətirdilər, kəlbəcərli girovların aqibətindən narahatlıqlarını ifadə edərək beynəlxalq təşkilatların bu məsələdə biganəliyə son qoyması vacibliyini vurğuladılar.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri İ.Daçiç qeyd etdi ki, Serbiyanın xarici işlər naziri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Bizim təcrübəmizdə ərazi bütövlüyü olduqca vacib, fundamental məsələdir. ATƏT-in fəaliyyətdə olan sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin siyasi iradə nümayiş etdirməsini vacib sayıram".

İ.Daçiç Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdən məmnunluqla söz açdı. Dost ölkələrimizi strateji əməkdaşlıq tellərinin bağladığını qeyd etdi. Milli Məclisin deputatlarına qanunun aliliyi, demokratiyanın inkişafı və bərqərar olması istiqamətində gördükləri işlərə görə təşəkkür etdi.

Görüşdə səmərəli fikir mübadiləsi aparıldı.