İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: "Əminəm ki, I Avropa Oyunları dostluq, mehribanlıq bayramına çevriləcək"

Azərbaycan prezidenti:

12.06.2015

"Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə təşkil olunmuş rəsmi qəbulda deyib.

Dövlət başçısı bunun Azərbaycan üçün tarixi hadisə olduğunu bildirib: " Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməyib. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməyib. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul edilməsinə görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət rolunu oynayacaq.

Qərar qəbul olunandan sonra biz Azərbaycanda dərhal Oyunların Təşkilat Komitəsini yaratdıq. Ondan sonra yerli və beynəlxalq nümayəndələrdən ibarət Əməliyyat Komitəsi yaradılıb. Təşkilat Komitəsi və Əməliyyat Komitəsi çox fəal işləyərək qısa müddət ərzində belə mötəbər idman yarışını hazırlayıb.

Əlbəttə, bu Oyunların hazırlanmasında könüllülər çox böyük rol oynayıblar. İyirmi minə yaxın yerli və xarici könüllü bu Oyunların keçirilməsi üçün bu illər ərzində çox fəal işləyib. Mən onların rolunu xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu əvəzolunmaz təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir: "İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir. İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə sevindirirlər. Deyə bilərəm ki, son Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülüb.

Gənc idmançılarımız da bizi sevindirir. 2014-cü ildə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülüb. Bu, onu göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin inkişafına müsbət təsir göstərir.

İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynayıb. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılıb. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi istifadəyə verilib. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər.

Şəhər infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilib. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər".

Prezident İ. Əliyev Azərbaycanda siyasi sabitliyin mövcud olduğunu qeyd edib: "Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artıb. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf edib və 3 dəfədən çox artıb. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.

Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir. Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilib. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxıb ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcək. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Eyni zamanda, 2016-cı ildə Azərbaycanda “Formula-1” yarışı, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddə bir final yarışları keçiriləcək. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar.

Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə gözləyir. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin".

no comment