İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan əhalisi “Qarabağ klanı”na “yox” deyir (MÜSAHIBƏ)

Ermənistan əhalisi “Qarabağ klanı”na “yox” deyir (MÜSAHIBƏ)

02.07.2015

Son günlər İrəvanda və Ermənistanın bir sıra regionlarında davam edən etiraz aksiyaları bütün dünyada olduğu kimi, Azərbaycanda da maraqla izlənilir. 
 
Hərbi, iqtisadi və siyasi cəhətdən Rusiyanın tam nəzarətində hesab edilən Ermənistanda birdən-birə baş qaldıran bu olaylara və bir sıra aktual məsələlərə münasibət öyrənmək üçün qocaman jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, ermənişünas alim QAFAR ÇAXMAQLIya müraciət etdik. 
 
Ermənistanın yeni prezidenti Seyran Ohanyan ola bilər
 
– Qafar müəllim, əvvəlcə son günlər Ermənistanda davam edən kütləvi etiraz aksiyalarına münasibətinizi öyrənmək istərdik. Bu etirazların əsl səbəbləri barədə nə deyə bilərdiniz?
 
– Ermənistanda bu qəbildən olan gərgin vəziyyətin yaranmasını hər an gözləmək olar. Çünki Ermənistanda ağır sosial-iqtisadi durum hökm sürür. Ağır maddi çətinliklər altında əzilən əhalinin hər an üsyana qalxması müəyyən mənada gözləniləndir. Ermənistandakı prosesləri daim izləyən bir şəxs kimi həmişə Ermənistanda rəngli inqilablar gözlənildiyini bildirmişəm. Bu dəfə elektrik enerjisi tariflərinin artırılması kütləvi etiraz aksiyalarının başlanmasına təkan verib. Əslində isə bu bəhanədir. Çünki Ermənistan cəmiyyəti hesab edir ki, S.Sarkisyan hakimiyyəti ölkəni talamaqla məşğuldur. Hazırda davam edən aksiyalarda “Talana son” şüarının səsləndirilməsi də təsadüfi deyil. Erməni əhalisi tələb edir ki, ölkəni talayan “Qarabağ klanı” hakimiyyətdən getsin. 
Amma bir məsələni də unutmayaq ki, Ermənistanda hakimiyyət dəyişikliyi xalqın rəyi əsasında baş vermir. Rusiyanın tam nəzarətində olan bu ölkədə heç vaxt demokratik seçkilər olmayıb, kiminsə hakimiyyətə gəlməsi Rusiyanın təyinatı ilə həyata keçirilib. İndiki halda hakimiyyət dəyişikliyi üçün Rusiyaya bəhanə lazımdır. Rusiya Ermənistanın faktiki sahibidir və Ermənistan iqtisadiyyatının 75 faizi rusların nəzarəti altındadır. Ona görə də, Rusiya Ermənistandakı proseslərə biganə deyil və hakimiyyət dəyişikliyinə də o zaman gedə bilər ki, ona sərf edən şəxs mövcud olsun. Bu şəxs artıq var. Zənnimcə, rəsmi Moskva Ermənistanın yenə Qarabağdan olan müdafiə naziri Seyran Ohanyanın üzərində dayanıb. Yəqin ki, vəziyyət hakimiyyət dəyişikliyinə qədər gərginləşsə, S.Ohanyanı Ermənistan prezidenti təyin edəcəklər. Ancaq bunun həyata keçiriləcəyi vaxt barədə dəqiq proqnoz vermək olmaz, Sarkisyanın rəhbərliyi müəyyən müddət davam edə bilər. 
 
Serj Sarkisyan nəzarəti itirib
 
Bir məsələni də xatırladım ki, Ermənistan asanlıqla yola gələn deyil. Erməni siyasətini elə qurublar ki, hətta Rusiyanı belə aldada bilirlər. Rusiya ilə yanaşı, Qərbə yönəlik siyasətləri də var. Bu səbəbdən də Rusiya Ermənistandan istədiklərini alandan sonra hakimiyyət dəyişikliyi gözlənilə bilər. Hərçənd ki, bu hadisənin nə vaxt baş verəcəyi proseslərdən asılı olacaq. Rusiya istədiyi zaman Ermənistanda hakimiyyət dəyişikliyi etmək imkanına malik olduğundan, demək olar ki, Kreml hələlik proseslərin bu məcrada davam etməsində maraqlıdır və yəqin hələ “istədiyi”ni tam əldə etməyib.
 
– Belə bir fikir də səslənir ki, bu aksiyaları, Putini şantaj etməklə müəyyən güzəştlərə nail olmaq üçün, elə S. Sarkisyanın özü təşkil edib...
 
– Bu da istisna deyil. Ermənistan həmişə Rusiyaya qarşı müəyyən təzyiq vasitələrindən istifadə edib. Bu aksiyalardan da Rusiyaya qarşı istifadə edə bilər. Bu aksiyaların getdikcə hakimiyyətə qarşı çevrilməsi onu göstərir ki, S. Sarkisyan bu qədər ciddi riskə getməz. Çünki Ermənistandakı siyasi palitra hakimiyyətdən tam asılı deyil. Hakim Respublikaçılar Partiyasının əvvəl müttəfiqi olmuş “Çiçəklənən Ermənistan” Partiyası hazırda müxalifət mövqeyinə keçib. “Daşnaksutyun” Partiyası da daha hakimiyyəti dəstəkləmir. Odur ki, S.Sarkisyanın hakimiyyətinin cəmiyyətə nəzarəti xeyli zəifləyib. 
 
Ermənilər acından ölsələr də, Qarabağdan əl çəkməyəcəklər
 
– Sizcə, Ermənistanda baş verən proseslər Azərbaycana nə vəd edir?
 
– Əlbəttə biz istəyərdik ki, Ermənistandakı demokratik qüvvələr S.Sarkisyan hakimiyyətini basqı altında saxlasın və işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq məsələsində hakimiyyətə təzyiq etsinlər. Çünki Ermənistanın bu duruma düşməsinin bir səbəbi də Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsidir. Qarabağın işğalına görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Biz bu layihələrin heç birinə Ermənistanı yaxın buraxmadıq. Biz buraxmadıqsa, tərəfdaşımız olan ölkələr də bununla razılaşdılar. Ermənistan işğal siyasətindən əl çəkməyincə, bu layihələrdən kənarda qalacaq. Ancaq bu layihələr həyata keçir və bundan sonra da keçməlidir. Bu layihələr nəinki Avropa üçün, hətta bütün dünya üçün önəmlidir. Çünki enerji və nəqliyyat layihələri dünya iqtisadiyyatının mühüm həlqələrindən birinə çevrilib. 
Ermənilər bundan sonra da bu layihələrdən kənarda qalmaq istəmirsə,  Ermənistandakı demokratik qüvvələr hakimiyyətə gəlməli və ya Qarabağ probleminin çozülməsi üçün indiki iqtidara təzyiq göstərməlidir. Bir məsələ də var ki, Ermənistanın prinsipial dövlət siyasəti Dağlıq Qarabağın müstəqilliyi istiqamətində qurulub. Azərbaycan tərəfi isə bununla heç vaxt barışa bilməz. Azərbaycan Prezidenti İlham Əliyev ərazimizdə ikinci erməni dövlətinin yaradılmasına heç bir vaxt icazə verməyəcəyini qəti şəkildə bəyan edib. Azərbaycan dövləti işğal olunmuş ərazilər üzərində nəzarəti bərpa etdikdən sonra Dağlıq Qarabağda yaşayan əhaliyə müəyyən hüquq və haqları tanıyacağını bildirib. Danışıqlarda da müəyyən status verilməsi məsələsi müzakirə olunur. Bu baxımdan əgər erməni cəmiyyəti işğalçı rejimin Dağlıq Qarabağ məsələsində güzəştə getməyə məcbur edə biləcəksə, bu bizim uduşumuz olacaq. Ancaq Ermənistan cəmiyyətini yetərincə tanıyan bir şəxs olaraq bunun həyata keçəcəyinə inanmıram. Çünki erməni cəmiyyəti həddindən artıq şovinistləşib və təbliğat millətçilik üzərində qurulub. Onlar acından ölsələr də, müstəqilliklərini itirsələr də, yenə Qarabağdan əl çəkməyəcəklər. 
 
Avropa Dağlıq Qarabağın müstəqilliyini istəyir
 
– AŞ PA-nın son sənədində Dağlıq Qarabağın  Ermənistan tərəfindın işğal edilməsi faktının qeyd olunduğu ifadə çıxarıldı. Azərbaycana qarşı bu münasibətin səbəbi nədir? 
 
– Avropa həmişə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxmasında maraqlı olub. Birbaşa və dolayı yollarla buna nail olmağa çalışıblar. Həmişə bizə təzyiq ediblər ki, Dağlıq Qarabağda yaşayan əhalinin öz müqəddaratını təyinetmə hüququnu tanıyaq. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ istənilən zaman müstəqil ola bilər. Qaçqınlarımız doğma torpaqlarına köçəndən sonra Dağlıq Qarabağda əhalinin çoxluğunu ermənilər təşkil edəcək və istədikləri zaman referendum yolu ilə müstəqil ola bilərlər. Müstəqil olduqdan sonra isə istədikləri dövlətlə birləşə bilərlər. Bu yol Azərbaycan üçün qəbuledilməzdir.
Avropa Şurasında hesab edirlər ki, guya biz 90-cı illərdə Dağlıq Qarabağ əhalisini qırmağa çalışmışıq, lakin buna nail ola bilməmişik. Ancaq reallıq odur ki, həmin dövrdə Azərbaycan bir həftəyə Qarabağı geri qaytara bilərdi. Halbuki Azərbaycan tərəfi başda Rusiya olmaqla Ermənistanın havadarları ilə müharibə aparırdı. İndi də Rusiya amili olmasa, biz bu məsələni tezliklə həll edə bilərik. 
 
ATƏT-in Minsk qrupunun siyasəti də Avropanın ikili standartlarından fərqlənmir. Biz bunu bilməliyik və siyasətimizi buna görə formalaşdırmalıyıq.(aztoday.az)