İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa Gənclər Parlamenti Azərbaycanın işğal edilmiş ərazilərində yeni layihə həyata keçirir

Avropa Gənclər Parlamenti Azərbaycanın işğal edilmiş ərazilərində yeni layihə həyata keçirir

03.07.2015

Avropa Gənclər Parlamenti beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər təşkil etmək məqsədi ilə “Artsax Respublikasında Təhsil Səyahəti (STAR)” adlı yeni layihəyə start verib.

Bu barədə APA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətinin xəbərinə görə, Avropa Gənclər Parlamentinin saytında layihə haqqında belə bir məlumat yerləşdirilib:

“Son tarix: 8 İyul, 2015. Yer: Ermənistanda Artsax Respublikası

Tarix: Avqust 22 - 26, 2015

Növü: Qismən Maliyyələşdirilən

Açıqdır: 15-35 yaşlı gənclər üçün 2015-ci il”

Məlumatda qeyd edilir ki, Avropa Gənclər Parlamenti  Ermənistan təşkilatının məzunlar bölməsi 22-26 avqust 2015-ci il tarixlərində “Artsax Respublikasında Təhsil Səyahəti” layihəsini həyata keçirir. Layihəyə dünyanın müxtəlif ölkələrindən 100-dən çox iştirakçı qatılacaq.

Layihə çərçivəsində iştirakçıların parlament binasına səfəri, “Artsax Respublikası”nın “baş naziri” və “xarici işlər naziri” ilə görüşü planlaşdırılır. Layihə çərçivəsində  tanınmamış, amma de-fakto müstəqil dövlətlərin idarəçilik xüsusiyyətlərinə həsr olunmuş panel müzakirələri, iştirakçılar üçün mərkəzi meydanda konsert, habelə “Artsaxın qədim monastırlar, qalalar və mağaralarına” səfərlər təşkil olunacaq. İştirakçıların tur proqramı Təbii Çətirlər Möcüzəsi (Şəlalələr), Rokki Şir mağarası, Qandzasar (Gəncəsar-red.) və Ghazanchetsot (Şuşa kilsəsi-red.) məbədləri, yerli Şuşa məscidi, Hunot kanyonu (Daşaltı dərəsi-red.) əhatə edəcək və Hadrutda hovuz kənarında təşkil olunan əyləncəli proqramla yekunlaşacaq. İştirakçıların yaşayış və yemək xərcləri, o cümlədən qarşılanma, Yerevan -Stepanakert - Yerevan (İrəvan - Xankəndi - İrəvan) marşrutu ilə transferi, parlamentdə təşkil olunan ziyafət və layihə çərçivəsində planlaşdırılan tur proqramları təşkilatçılar tərəfindən qarşılanacaq. Layihədə iştirak haqqı 70 avrodur.

Avropa Gənclər Parlamenti bu kampaniyanın “faydaları” haqda da anons edir: “Müxtəlif ölkələrdən olan gənc lider və fəallarla görüşmək imkanı əldə etmək; Gözəl təbiətə malik olan Artsaxın qonaqpərvərliyi və mənzərəli yerlərini kəşf etmək; Artsax parlamentinin sədri, baş naziri və xarici işlər naziri ilə görüş imkanı əldə etmək; Avropa Gənclər Parlamentinin məzunları tərəfindən təşkil olunan açıq hava konsertində iştirak etmək; Tanınmamış, amma de-fakto müstəqil dövlətlərin idarəçilik xüsusiyyətlərinə həsr olunmuş panel müzakirələrə qoşulmaq”.

Layihə haqqında ətraflı məlumatın http://bit.ly/1GBRF7E linkindən əldə edilməsi təklif olunur. Layihəyə qoşulmaq istəyən avropalılar, xüsusi qeydiyyat formasını doldurub  http://bit.ly/1FEJV3U 8 iyul saat 23:59-dək qeydiyyatdan keçməlidir.  

AGAT bildirir ki, layihəyə etiraz edən azərbaycanlıların mövzu ilə əlaqədar yazdıqları şərhlərdən sonra UN Habitat Youth təşkilatı Azərbaycanın işğal altında olan ərazilərində həyata keçirilməsi planlaşdırılan layihə haqqında Facebooksəhifəsində yerləşdirdiyi bildirişi silib.

AGAT  Avropa Gənclər Parlamentinin qanunazidd təşəbbüsünün qarşısının alınması məqsədi ilə bir neçə QHT və jurnalistin iştirakı birgə kampaniya başladıb.