İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"The Hill": Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə təqsirkardır

09.07.2015

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın rayonundan olan qaçqınların “Çıraqov və digərləri Ermənistana qarşı” adlı işi üzrə nəhayət qərar qəbul edib. Qərarda Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə təqsirkar bilinir.

Trend-in məlumatına görə, bu barədə Raul Louri Kontrerasın ABŞ-ın nüfuzlu “The Hill” qəzetində dərc edilən məqaləsində deyilir.

Müəllifin sözlərinə əsasən, AİHM-in qərarı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin potensial nizamlanmasına güclü təsir edə bilər: “AİHM 16 iyun tarixli qərarı ilə Ermənistanı Azərbaycana qarşı aqressiyada və ölkə ərazisinin təqribən 20 faizini işğal etməkdə təqsirkar bilib".

Məqalədə deyilir ki, 1988-ci ilin fevralında ermənilərin törətdiyi qətliam Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdikdən sonra iki ölkə arasında irimiqyaslı münaqişəyə çevrildi: “Azərbaycanın aqressiyada ittiham etdiyi Ermənistan münaqişədə iştirakını inkar edirdi. Lakin Avropa Məhkəməsinin yaydığı məlumatda deyilir ki, çoxsaylı məruzələr və Ermənistan hökumətinin keçmiş və indiki üzvlərinin də verdiyi açıq şəkildə bəyanatlar təsdiq edir ki, Ermənistan ən başlanğıcdan Dağlıq Qarabağ münaqişəsinə aktiv cəlb olunub".

Müəllif yazır: “Avropa Məhkəməsinin press-relizində deyilir ki, Dağlıq Qarabağ regionunun qanunsuz hakimiyyətu Ermənistandan hərbi, siyasi, maliyyə və digər dəstək alır. Bununla da Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.

R.L.Kontreras qeyd edir ki, Ermənistanın Avropada II Dünya müharibəsindən sonra insanların (qaçqınların) məcburi yerdəyişmələrinin ən böyüklərindən birinə səbəb olan Dağlıq Qarabağ münaqişəsinə heç vaxt cəlb olunmaması ilə bağlı bəyanatı yalan kimi tanındı.

Məqalədə bildirilir ki, ermənilər diqqəti Avropa Məhkəməsinin Azərbaycana qarşı aqressiyada və ərazilərini işğal etməkdə birbaşa təqsirləndirdiyi Ermənistanla bağlı qərarından yayındırmağa çalışmaq üçün AİHM-in həmin gün qoşunların təmas xəttində mülkiyyətin itirilməsi məsələsi üzrə qəbul etdiyi “Sarkisyan Azərbaycana qarşı” iddia ilə əlaqədar digər qərarına fikri cəmləyəcək: “Lakin bu iki iddianı müqayisə etmək düzgün park etməməyə görə cərimə ilə avtobus dayanacağında 10 nəfəri öldürməklə müqayisə etmək kimi bir şeydir”.

Müəllif xatırladır ki, Ermənistan 25 ildir Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçılardan ibarət bandanı maliyyələşdirir, onlara silah, əsgər və siyasi dəstək verir: “Erməni qoşunları və onların Qarabağdakı vassal bandaları bütün növ və miqyasda hərbi cinayətlər törədiblər. “Human Rights Watch” hüquq təşkilatının 1992-ci il fevralın 26-da erməni əsgərlərinin Azərbaycanın Xocalı şəhərində 600-dən çox kişi, qadına və uşağı öldürməsi barədə sənədləşdirilmiş dəlilləri mövcuddur. Məhkəməyə bu qərarı çıxarmaq üçün 10 il vaxt lazım olmasına baxmayaraq, o qərara aldı ki, Ermənistan suveren Azərbaycanın ərazilərinə soxulmaqda və onun torpaqlarının 20 faizini işğal etməkdə təqsirkardır. Bundan başqa, məhkəmə Ermənistanı yalançılıqda və Azərbaycana qarşı aqressiv müharibədə günahkar hesab edib”.