İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: "Ümid edirəm ki, beynəlxalq ictimaiyyət təcavüzkara Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək üçün daha çox təzyiq göstərəcək"

Prezident İlham Əliyev:

22.07.2015

"Biz bu gün regional təhlükəsizlik məsələlərini, xüsuslə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini və bu münaqişənin həlli yollarını müzakirə etdik. Mən danışıqların hazırkı vəziyyəti və münaqişənin tarixi barədə məlumat verdim. Münaqişə 20 ildən artıqdır ki, davam edir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ və 7 ətraf rayon 20 ildən artıqdır ki, erməni işğalı altındadır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Prezidentin sözlərinə görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və 7 ətraf rayonu işğal edib və milyondan artıq azərbaycanlı bu təcavüzün qurbanına çevrilib və qaçqın, məcburi köçkün vəziyyətinə düşüb: "Xalqımız Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb".

Dövlət başçısı vurğulayıb ki, münaqişənin müvafiq hüquq normaları və BMT qətnamələri əsasında ən qısa müddətdə həlli Cənubi Qafqazda bütün xalqların xeyrinədir.

İlham Əliyev ümid edir ki, beynəlxalq ictimaiyyət təcavüzkara Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək üçün daha çox təzyiq göstərəcək: "Hesab edirəm ki, işğaldan azad olunma prosesi başlayan kimi Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması prosesi də başlaya bilər. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və münaqişə bu əsasla həll edilməlidir".