İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilər"lə bağlı bəyanat yaydı

Dağlıq Qarabağın azərbaycanlı icması qondarma

09.09.2015

“Dağlıq Qarabağ bölgəsində sentyabrın 13-də qondarma “özünüidarə orqanları”na keçirilməsi nəzərdə tutulan “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərə almır”.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin kəskin etirazına səbəb olmuş bu hadisə İctimai Birliyin İdarə Heyətinin iclasında müzakirə olunub və qətiyyətlə pislənilib.

Bəyanatda vurğulanır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər: “Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, ATƏT-in Minsk qrupunun göstərdiyi səylər Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərində belə “seçkilər” təşkil edir. Ermənistan öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına köklü zərbə vurur. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək"

Qeyd olunur ki, münaqişənin tezliklə həlli üçün, ilk növbədə, işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş 75 mindən çox azərbaycanlının öz doğma torpaqlarına geri qayıtması zəruridir: "Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsi də zəruridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub. Eyni zamanda, adıçəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapması göstərilib. Güc tətbiqi ilə ərazi əldə edilməsi və həmin ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli şəkildə həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq”.