İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransalı senator: "Əvvəl işğal altındakı torpaqlar azad olunmalıdır, sonra insan haqlarından danışmalıyıq"

Fransalı senator:

15.09.2015

Baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Fransa Senatının Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi, problemin tarixi, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faizi ərazisi - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayon işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb.

Ə. Həsənov bildirib ki, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib: "Bu qrup elə yaradılıb ki, mövcud problem həll edilməsin".

O, Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsini də qərəzli adlandırıb, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etmək səlahiyyətləri olmadığını qeyd edib: "Bu, qərəzli addım ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilədir”.

Senatın Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişard deyib ki, səfərin məqsədi Azərbaycanla Fransa arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat və turizm sahələrində əlaqələri daha da möhkəmləndirməkdir. A. Rişard xatırladıb ki, senator olduğu müddətdə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə üç dəfə görüşüb, bu dəfə yenidən görüşəcəklər.

O, Azərbaycan ərazisinin 20 faizinin uzun illərdir işğal altında olmasından təəssüfünü də ifadə edib. "İnsan haqlarından danışmazdan əvvəl bu problem həll olunmalıdır. Təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə bu barədə heç nə deyilmir. Bu qətnamə əsas problemin həllini kölgədə qoymamalıdır. Biz Avropa ölkələri olaraq iki istiqamətdə iş aparmalıyıq. Əvvəlcə işğal altındakı torpaqlar azad olunmalı, sonra isə insan haqlarından danışmalıyıq. BMT Təhlükəsizlik Şurasının Qağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilməlidir", - deyə senator vurğulayıb.

Dostluq qrupunun sədr müavini, xanım Natali Qule deyib ki, bu münaqişədən əziyyət çəkən insanların ağrı-acıları bir çox halda unudulur.