İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: "Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur"

Azərbaycan prezidenti:

15.09.2015

"Bu gün imzaladığmız strateji tərəfdaşlıq haqqında Bəyannamədə bizim üçün ən ağrılı məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişənin mahiyyəti və münaqişənin həlli yolları da göstərilir. Bu mövqeyə və dəstəyə görə sizə minnətdaram".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllini tapmalıdır.

"Bütün münaqişələr beynəlxalq hüququnun norma və prinsipləri əsasında həll olunmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan bölgəsi uzun illərdir, erməni işğalı altındadır. Bu ərazilərdə etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan işğalçılıq siyasətini davam etdirir, beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri də yüksək səviyyədə bəyan ediblər ki, "status kvo" qəbuledilməzdir və dəyişdirilməlidir. "Status-kvo"nun dəyişdirilməsi isə işğala son qoyulması deməkdir. Biz bunu istəyirik, beynəlxalq ictimaiyyət də bunu istəyir. Əminəm ki istəyimizə nail olacağıq, Azərbaycan ərazi bütövlüyün bərpa edəcək. İnanırıq ki, beynəlxalq hüquq və ədalət zəfər çalacaq", - deyə Azərbaycan prezidenti qeyd edib.