İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ötən ay ərzində cəbhədə 20 erməni hərbçi öldürülüb

Ötən ay ərzində cəbhədə 20 erməni hərbçi öldürülüb

01.10.2015

Bu ilin sentyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 828 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb. 

Sentyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhəninAğdam istiqaməti gəlir. Bu istiqamətində atəşkəsin 229 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə (171 dəfə) Füzuli rayonu gəlir.

Qarabağ cəbhəsi üzrə sentyabrda Tərtər rayonu istiqamətində atəşkəs 83, Xocavənd rayonu istiqamətində 58, Cəbrayıl rayonu istiqamətində isə 51 dəfə pozulub.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 104, Tovuz istiqamətində 24, Gədəbəy rayonu istiqamətində 27, Qazax rayonu istiqamətində 59, Göygöl rayonu istiqamətində 15, Ağstafa rayonu istiqamətində isə 7 dəfə pozub.

Ötən ay erməni silahlı bölmələrinin diversiya qrupunun 2 üzvü, habelə, 18 hərbi qulluqçusu öldürülüb. Düşmənin çoxlu sayda yaralısı olub. 

Sentyabrda Azərbaycan Silahlı Qüvvələri də itki verib. Hərbi qulluqçular Məmmədov Elşən Vaqif oğlu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub. 

Daha 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb.

Ötən ay Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı da zərərsizləşdirilib. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Qeyd edək ki, avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 836 dəfə pozmuşdu.