İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər

XİN: Ermənistan reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər

08.10.2015

"Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin tələblərini kobud şəkildə pozmağa davam edərək işğal və təcavüzə əsaslanan mövcud status-kvonun saxlanması siyasətini yürüdür".

Bunu Trend-ə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, BMT Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən münaqişənin həlli prosesi ilə bağlı Azərbaycanın qəti mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı: "BMT kürsüsündən nazir Elmar Məmmədyarov tərəfindən bir daha vurğulandı ki, Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək, Azərbaycan heç bir zaman öz ərazilərinin işğalı ilə barışmayacaq və münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər".

XİN rəsmisi deyib ki, bu, beynəlxalq ictimaiyyətin də qəti şəkildə dəstəklədiyi mövqedir: "Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. BMT Baş Assambleyasının 70-ci sessiyasında o da xüsusilə qeyd olundu ki, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq. Bu halda isə bütün məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür".

H.Hacıyev qeyd edib ki, Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.

Qeyd edək ki, ötən gün Ermənistanın xarici işlər naziri E.Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar başladığı təqdirdə, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin təminatı kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun müstəqilliyini tanıyacaq.