İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir

Elmar Məmmədyarov: Qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir

23.10.2015

Qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının yaranmasının 70-ci ildönümünə həsr olunmuş konfransda çıxışında deyib.

Nazir bildirib ki, BMT-nin idealları Azərbaycan xalqı və hökuməti tərəfindən geniş dəstəklənir: "Ötən 70 il ərzində BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsəd uğrunda fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb. Təşkilatın nizamnaməsində əksini tapmış məqsəd və prinsiplər daha dinc, firavan və ədalətli dünyanın bərqərar olması üçün möhkəm əsas yaradıb. Lakin bu 70 il ərzində beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Təhdidlər daha mürəkkəb və bir-biri ilə əlaqəli olub. Beynəlxalq münasibətlərdə qüvvələr balansı da dəyişib".

E.Məmmədyarov dərin təəssüf hissi ilə qeyd edib ki, dünya beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşməsi və insan faciəsinin artması ilə üzləşməkdə davam edir və bu problemlərin həlli BMT-dən böyük resurslar tələb edir: "Bu, həmçinin üzv dövlətlər tərəfindən BMT-nin məqsəd və prinsiplərinin sədaqətlə həyata keçirilməsinə ehtiyac olduğunu göstərir".

XİN rəhbəri vurğulayıb ki, 2 mart 1992-ci ildə BMT-yə üzv kimi qəbul olunmasından bəri Azərbaycan Respublikası BMT Nizamnaməsinə qəti öhdəliyini davamlı olaraq nümayiş etdirib: "Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasında səylərin artırılması məqsədilə dünyanın müxtəlif hissələrində BMT-nin sülhməramlı əməliyyatlarına öz hərbi heyəti ilə töhfə verib. 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə Azərbaycan beynəlxalq hüququn məcburiliyini müdafiə edib və Şuranın fəaliyyətində aktiv iştirak edib. BMT çərçivəsində müəyyən olunmuş inkişaf məqsədlərinə sadiq dövlət kimi Azərbaycan onları özünün milli məqsədlərinə daxil edib və inkişaf sahəsində, xüsusilə sürətli və davamlı inkişafın, həmçinin universal orta təhsilin təmin olunması, kəskin yoxsulluq və aclığın aradan qaldırılması və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələr qazanıb".

Nazir xatırladıb ki, Azərbaycan Minilliyin İnkişaf Proqramının həyata keçirilməsində müstəsna nailiyyətlərinə görə "2015 Cənub-Cənub" mükafatına layiq görülüb: "İnsan ölçüləri məsələsində Azərbaycan xalqlar arasında tolerantlıq, multikulturalizm və anlaşmanı təşviq edir. Biz fəxr edirik ki, Avropa qitəsinin tarixində 50 ölkədən 6000 idmançının iştirak etdiyi ilk Avropa Oyunları bu il Bakıda keçirilib və 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Biz, həmçinin 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu da keçirməyi planlaşdırır və bu tədbirin praktiki nəticələrinə güvənirik".

E.Məmmədyarov bildirib ki, bütün bu nailiyyətlər BMT Nizamnaməsinin və bütövlükdə təşkilatın məqsəd və prinsiplərinə ciddi zərbə vuran Ermənistanın hazırda davam edən hərbi təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq əldə edilib: "Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən Azərbaycan torpaqlarının işğalını pisləyən və onun suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edən qətnamələr qəbul olunub. Bu qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir. Azərbaycan BMT Nizamnaməsi, xüsusilə onun 51-ci Maddəsi çərçivəsində təsbit olunmuş hüquqlarına zərər gəlmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyil və onun status-kvoya arxalanması səhv, əks effektli və təhlükəlidir. Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünü, vətəndaşlarının təcavüz nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcək".

Nazir qeyd edib ki, bütün bu problem və çətinliklərə baxmayaraq, Azərbaycan nikbindir və BMT-nin məqsəd və prinsiplərinə sadiq qalır.

no comment