İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azay Quliyev: Azərbaycan ictimaiyyətinin Qarabağ münaqişəsinin ədalətli həllində Rusiyadan gözləntiləri böyükdür

Azay Quliyev: Azərbaycan ictimaiyyətinin Qarabağ münaqişəsinin ədalətli həllində Rusiyadan gözləntiləri böyükdür

27.10.2015

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Rusiyanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun məqsədi və fəaliyyət istiqamətləri, yerli və xarici QHT-lər üçün qrant proqramı haqqında qonaqlara ətraflı məlumat verib.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və strateji əməkdaşlıq səviyyəsində olduğunu deyən A.Quliyev hər iki ölkənin yüksək vəzifəli rəhbər şəxslərinin qarşılıqlı səfərlərinin buna örnək olduğunu qeyd edib. Şura sədri Azərbaycan ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində Rusiya dövlətindən gözləntilərinin böyük olduğunu bildirib: “Münaqişənin ədalətli həlli üçün ilk növbədə beynəlxalq ictimaiyyətin Ermənistanı BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasına məcbur etməsi lazımdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin təşkilində və ümumilikdə problemin həlli üçün səylərin artırılmasında Rusiyanın mühüm rol oynayacağına inanırıq”.

A.Quliyev görüşdə Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının seçmək və seçilmək hüququnun pozulduğuna da diqqəti çəkib.

Şura sədri Dağlıq Qarabağa edilən qanunsuz səfərlərin qarşısının alınmasında Rusiya mediasının vacib rol oynaya biləcəyini deyərək, onun nəticələri haqqında vətəndaşların obyektiv şəkildə məlumatlandırılmasına ehtiyac olduğunu bildirib.

A.Quliyev 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərə hazırlığın qanunvericiliyə uyğun şəkildə və yüksək səviyyədə aparıldığını deyib. Şura sədri 9 oktyabrdan təbliğat-təşviqat kampaniyasının başlandığını və bütün deputatlığa namizədlərə platformalarını seçicilərə çatdırması üçün bərabərhüquqlu şərait yaradıldığını qeyd edib.

Qərbin bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli münasibət bəslədiklərini bildirən A.Quliyev beynəlxalq müşahidəçilərin seçki prosesini canlı şəkildə izləyərək seçkilərin ədalətli, demokratik şəkildə keçməsini müşahidə etmələrində maraqlı olduqlarını vurğulayıb.

Şura sədri jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verib.