İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: "Diktator Sarkisyan rejimi bu yaxınlarda yeni siyasi təxribata əl atıb"

Azərbaycan prezidenti:

28.10.2015

Azərbaycan prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryu (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Prezident İlham Əliyevbildirib ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir: "Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə hücumlar edib. Azərbaycan tərəfi bir neçə gün buna cavab verməyib. Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv edilib". 

Dövlət başçısı daha sonra qeyd edib ki, bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə təxribat törətmək cəhdlərinin də qarşısı alınmış və işğalçılar xeyli sayda itki veriblər. Prezident İ. Əliyev bildirib ki, bütün bu təxribatlara görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan hazırda regionda böyük təhlükə mənbəyinə çevrilib. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə mülki əhalimiz arasında itkilər olur: "Azərbaycan tərəfi bu cür təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar".

Prezident təəssüflə vurğulayıb ki, beynəlxalq ictimaiyyət, xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış hərəkətlərinə adekvat reaksiya vermirlər.

Azərbaycan prezidenti bildirib ki, bütün bunlar azmış kimi, bu yaxınlarda diktator Sarkisyan rejimi yeni siyasi təxribata əl atıb, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib: "Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir cavab verilməyib".

Dövlət başçısı vurğulayıb ki, bütün bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və vasitəçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyasına kölgə salır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

no comment