İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə səfiri: “Azərbaycan və Ermənistan arasındakı gərginliyin səbəbi axtarılırsa, işğaldan başlamaq lazımdır”

Türkiyə səfiri: “Azərbaycan və Ermənistan arasındakı gərginliyin səbəbi axtarılırsa, işğaldan başlamaq lazımdır”

29.10.2015

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunun APA-ya müsahibəsi

- 2011-ci ildə keçirilən parlament seçkilərindən sonra olduğu kimi, 7 iyun seçkilərindən sonra da Türkiyədə terror hadisələri intensivləşdi. Bunun səbəbi nədir? HDP-nin 10%-lik səs baryerini keçməsi ilə PKK terrorçularının bundan ruhlanmasının bu prosesdə rolu nə dərəcədədir?

- Son zamanlar həqiqətən Türkiyədə terror hücumlarında təəssüf ki, artım baş verib. Lakin bunun tam olaraq hansı səbəbdən baş verdiyini mən deyə bilmərəm. Parlamentdə təmsil edilən bir siyasi partiyanın müəyyən faiz səs almasının terror fəaliyyətlərinə təsir göstərib-göstərmədiyi sualı da özlüyündə quruluş etibarilə doğru olmamalıdır, çünki parlament müzakirə mühitidir. Siyasi partiya xalqın demokratik yollarla iradəsini məclisə daşımaq üçün qurulmuş olan bir təşkilatdır, sülh vasitəsidir, ifadə edilən nədirsə, onun demokratik yolla, sözlə çatdırılması vasitəsidir. Bunun platforması isə parlamentdir. Buna görə də o, heç zaman terror təşkilatı, terror fəaliyyəti ilə bağlı olmamalıdır. İkisi bir biri-ilə əlaqəsi olmayan bir anlayışdır. Ona görə də mən siyasət elmi üzrə təhsil almış şəxs olaraq, onların belə bir bağlantısının ola bilməyəcəyini düşünmək istəyirəm. Lakin bu da bir həqiqətdir ki, son vaxtlar terror hadisələrində artım müşahidə olunur. Türkiyənin yaxın coğrafiyasında, başda Suriya olmaqla, terror aktlarının daha rahat həyata keçirilməsini mümkün edən qeyri-müəyyənliklər, idarəçilik boşluğu, terror təşkilatlarının yuva salması reallığı mövcuddur. PKK terror təşkilatı hər zaman mövcud idi, amma yenidən aktiv şəkildə ortaya çıxdı. Digər tərəfdən, DEAŞ (“İslam Dövləti” (İŞİD) qruplaşması - M. N.) Türkiyəni hədəf alır. Bu günlərdə Diyarbəkirdə polisin həyata keçirdiyi əməliyyat zamanı təəssüf ki, 2 polisimiz şəhid oldu. Terror təşkilatlarının hamısının birdən Türkiyəyə qarşı çıxdığı bir dövrdəyik. Bu, təbii ki çox ciddi bir mövzudur. Təəssüf ki, Türkiyə uzun müddətdir terrorla mübarizəyə dair böyük təcrübəyə sahibdir. “Təəssüf ki” deyirəm, çünki bu, arzuladığımız bir hal deyil. Şəhid xəbərlərinin gəlməsi bizi çox kədərləndirir, dərindən yaralayır. Amma Türkiyə Cümhuriyyəti vətəni, milləti ilə bölünməz bir bütündür. Təhdidin haradan, hansı şəkildə gəlməsindən asılı olmayaraq, biz ona qarşı ən güclü, ən qətiyyətli şəkildə mübarizəmizi aparacağıq. Prezidentimiz, baş nazirimiz və bütün digər hökumət nümayəndələrinin də ifadə etdiyi kimi, xalqımızın da gözləntilərinə uyğun olaraq, Türkiyə terrorizmlə mübarizəyə qətiyyətli şəkildə davam edəcək. Türkiyədəki vəziyyətlə bağlı hər hansı problemin deyilməsi lazımdırsa, bunun yolu demokratik platformalardır, parlamentdir, siyasi partiyalardır. Amma terrorla heç bir şəkildə nəticə əldə etmək mümkün deyil. Buna görə də biz bu mübarizəni çətin də olsa, qətiyyətli şəkildə aparacağıq.

- Terroru bitirmək üçün hökumət hansı addımları atmağı planlaşdırır?

- Öncə onu deyim ki, bu, çoxşaxəli və çətin bir məsələdir. PKK terror təşkilatı ilə mübarizəmizi aparacağıq. Amma necə aparacağıq? Bildiyiniz kimi, bir müddət Türkiyədə “çözüm sürəci” adlı bir proses vardı. Bu, bir tərəfdən Türkiyədəki kürd əsilli vətəndaşlarımızın tələblərini nəzərə almağa çalışan, digər tərəfdən də PKK-nın silahı yerə qoyması və terror təhlükəsinin ortadan qaldırılmasını nəzərdə tutan bir proses idi. Bu prosesin fəlsəfəsi  Türkiyədə ümumi planda yaşayış şərtlərini, demokratiya və insan haqları standartlarını daha da inkişaf etdirmək hədəfinə uyğun idi. Bu proses terroru inkar edən, PKK-nın silahı yerə qoymasını tələb edən, terrorla bir şeyə nail olmağın mümkün olmadığını vurğulayan bir proses idi. Bu prosesdə bir qırılma baş verdi və PKK yenə zorakılığa əl atdı. Dövlətə qarşı silahlı mübarizə baş qaldırdığında dövlətin verə biləcəyi tək cavab var: silahı terrorçuların əlindən almaq və dövlətə, vətəndaşa təhdid təşkil edən bu təhlükəni aradan qaldırmaq. Hazırda PKK terrorunun olduğu hər yerdə ən qətiyyətlə şəkildə bunu edirik. Özünümüdafiə haqqımızdan istifadə edərək Türkiyə sərhədlərindən kənarda da olsa - bildiyiniz kimi, PKK Suriyada, İraqda da fəaliyyət göstərir - silahlı qüvvələrimiz, hava qüvvələrimiz, təhlükəsizlik təşkilatlarımız lazımi tədbirləri görürlər. Bir tərəfdə terrorla təhlükəsizlik tədbirləriylə mübarizə məsələsi varsa, digər tərəfdə terroru bəsləyən şərtlərin aradan qaldırılması lazımdır. Terror təşkilatlarıyla, DEAŞ-la mübarizədə də məsələyə bu cür yanaşmaq lazımdır. Suriyadakı vəziyyət bir tərəfdən terror təşkilatları ilə birbaşa mübarizə aparılmasını, bir tərəfdən də bu təşkilatların qol-budaq açmasına şərait yaradan amillərin müəyyənləşdirilərək aradan qaldırılmasını tələb edir. Suriya 900 km-dən artıq sərhəd xəttimiz olan bir ölkədir. Hər bir nöqtəsinə nəzarət etmək çox çətindir. Beynəlxalq ictimaiyyətə anlatmağa çalışdığımız odur ki, DEAŞ-la mübarizədən danışdıqda bu mühiti yaradan şərtləri aradan qaldırmalıyıq. Yəni Suriyada qanuni, təsirli və işlək bir dövlət idarəçiliyi olmalıdır. Dövlətin öz səlahiyyətlərindən hüquqi çərçivədə istifadə edə biləcəyi bir mühit yaranmalıdır. Xalqını bombalayan lider deyil, xalqın iradəsini ortaya qoyan və onlarla birlikdə mübarizə aparan bir idarəçilik olmalıdır. Yəni problem kökündən həllini tapmalıdır.

- Ümumilikdə İŞİD-lə mübarizə prosesi necə gedir?

Yuxarıda da qeyd etdiyim kimi, DEAŞ bir terror təşkilatıdır. Türkiyə illər əvvəl bunu elan edib. Hər terror təşkilatına qarşı olduğu kimi, Türkiyə DEAŞ-a qarşı da mübarizə aparır. Türkiyə bununla bağlı beynəlxalq koalisiyanın içindədir. Son vaxtlar ABŞ-la əldə etdiyimiz razılaşmalarda bu koalisiya çərçivəsində DEAŞ-la mübarizə üçün fəaliyyət göstərəcək təyyarə və pilotsuz uçuş vasitələrinin Türkiyədə yerləşdirilməsinə icazə verdik. Bu, mübarizəyə əlavə töhfəmizdir. Ondan kənarda DEAŞ-a qarşı Türkiyənin özünün tədbir və əməliyyatları var. Yəni Türkiyə öz imkanları ilə hər terror təşkilatına qarşı olduğu kimi, DEAŞ-a qarşı da mübarizə içərisindədir. Terrorla mübarizə hər kəsin öhdəliyidir, beynəlxalq öhdəlikdir. “Mənə uzaqdır, mənə təsiri olmaz” kimi sözlərin etibarlı olmadığını hamımız bilirik. Dünyada şərtlər çox dəyişib. Ona görə də DEAŞ terror təşkilatı ilə hər kəsin mübarizə aparmaq öhdəliyi var.

- Rusiyanın Bəşər Əsədin çağırışı ilə Suriyada İŞİD qüvvələrinə aviazərbələr endirməsi bəzi fikir ayrılıqları yaratdı. Türkiyə də bunun əleyhinə çıxdı. Rusiya təyyarələrinin Türkiyənin hava sərhədlərini pozması isə etirazları daha da artırdı. Hətta Ankara Moskvaya sərtetiraz notası da verdi. Sizcə İŞİD-ə qarşı qlobal mübarizə hansı formada aparılmalıdır? Türkiyə Rusiyanın bu prosesdə rolunu məqbul sayırmı?

- Rusiya bizim üçün bu bölgədə vacib bir ortaqdır, bölgənin vacib bir ölkəsidir. Hər problemin aradan qaldırılmasına, DEAŞ-a qarşı mübarizəyə də töhfə verə biləcək bir dövlətdir. DEAŞ-la sözün əsl mənasında mübarizə aparılarsa, töhfə verildiyi hesab edilə bilər. LakinSuriyada Rusiyanın atdığı addımlara, apardığı əməliyyatlara baxdıqda onların DEAŞ-ı hədəf almadığını, əksinə, Əsəd idarəçiliyinin nəzarət etdiyi bölgənin sərhədlərini gücləndirməklə bağlı əməliyyatlar apardığını görürük. Aviazərbələrin böyük əksəriyyətinin DEAŞ-ı hədəf almadığını müşahidə edirik. Bunun Rusiya üçün də təhdid təşkil edən DEAŞ təhlükəsindən xilas olmağımıza töhfə verməyəcəyini, əksinə, DEAŞ-in güclənməsinə xidmət edəcəyini ruslara başa salmağa çalışırıq. Rusiya kimi önəmli bir ölkənin DEAŞ-la mübarizəyə qatılmasını böyük məmnuniyyətlə qarşılayarıq, amma indiyə kimi həyata keçirdiyi fəaliyyətlərdə DEAŞ-ı hədəf aldığını görmürük. Bunun mənfi nəticələnə biləcəyini ruslara deyirik. Türkiyənin havaməkanının Rusiya təyyarələri tərəfindən pozulması halı baş verdi. Bu, son dərəcə təhlükəli bir haldır. Onlara bu sahədəki həssaslığımızı ən güclü şəkildə bildirdik. Çünki hava məkanımızın pozulmasını qəbul edə bilmərik. Onlar da Türkiyəyə hərbi nümayəndə heyəti göndərməklə bu yanlışlığın hansı səbəblərdən baş verdiyini izah etdilər, bunun təkrar baş verməməsi üçün nə kimi tədbirlər gördüklərini açıqladılar. Bu, ciddi bir məsələdir. Lazımi tədbirlər görəcəklərini gözləyirik. Suriya havasahəsində hazırda bir çox uçuş vasitələri var. Buna diqqət edilməlidir. Amma məsələnin kökündə bir şey yatır: DEAŞ dünya üçün bir təhlükədir. DEAŞ-ın bu qədər güclənməsinə səbəb Əsəd idarəçiliyinin yanlış siyasətidir, öz xalqını bombalamasıdır. Burada görülməli olan məsələ DEAŞ kimi terror təşkilatlarının güclənməsinə səbəb olan şərtlərin aradan qaldırılmasıdır. Bu şərtlərin kökündə də təəssüf ki, Əsəd idarəçiliyinin siyasəti dayanır. Bununla bağlı həm ikili, həm də çoxtərəfli formatda bir sıra görüşlər keçirilir. Son olaraq, Vyanada Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə görüş oldu. Suriyaməsələsi ilə bağlı Türkiyənin gözləntiləri ortadadır. Bizim əsas gözləntimizSuriyanın ərazi bütövlüyünün qorunması, sabitlik və təhlükəsizliyinin təmin olunmasıdır. Əsəd idarəçiliyinin problemin kökündə yatdığı ortadadır. Terror mühitinin yaranması, milyonlarla insanın ölkədən qaçmasının səbəbi Əsəd rejiminin siyasətidir. Bütün hallarda Əsəd rejiminin uzaqlaşdırılması ilə Suriyada qanuni idarəçilik qurulmalıdır və bu hakimiyyət bütün müxalifətin razılığa gəlməsi ilə formalaşdırılmalıdır. YəniSuriyada hər kəsin dəstəklədiyi siyasi quruluş yaranmalıdır. Bu quruluş beynəlxalq toplum tərəfindən dəstəklənməlidir. Suriya ərazisində çoxmədəniyyətli, çoxetnikli, çoxdinli xüsusiyyəti qoruyacaq şəkildə idarəçilik yaradılmalıdır ki, boşluqlar olmasın və terror təşkilatları yer tapa bilməsinlər. Biz bu fikirlərimizi deməkdə davam edirik. Asan proses deyil. Hər kəsin özünə görə fərqli fikirləri var. Ancaq bir məsələdə fərqli fikrin olmayacağı fikrindəyik. Bu də terrorla mübarizə məsələsidir. DEAŞ-ın orada niyə gücləndiyinin səbəbləri bəllidir. Bu səbəbləri biz diaqnoz etmiş vəziyyətdəyik. Bu problemin üzərinə də bu istiqamətdə getmək lazımdır. 

- Bu problemlərin fonunda dünya daha bir böhranla - miqrasiya böhranı ilə üz-üzə gəlib. Bunun qarşısını almaq üçün dünya hansı addımları atmalıdır?

Avropa İttifaqı vә Avropadakı dostlarımızın bunun hәqiqәtәn böyük bir mәsәlә olduğunu yalnız bu gün başa düşmәlәri üzücüdür. Yәni,Suriyada yaşananların insanlığa, vicdana, avropalıların hәmişә vurğuladığı prinsiplərə heç bir şәkildә uymadığını başa düşmәk üçün, hәrәkәtә keçmәyin lazım olduğunu görmәk üçün bu qәdәr gözlәmәk lazım idi? Suriya mәsәlәsi 4 ildir davam edir. Türkiyәdә hazırda 2 milyon 200 min suriyalı yaşayır. Bunlardan 266 mini düşәrgәlәrdә məskunlaşıb. Türkiyә Suriyadan gәlәn bu insanlar üçün 8 milyard dollardan çox pul xәrclәyib. Suriyadan gәlәn, yardıma ehtiyacı olan insanlara qarşı bu vicdani öhdәliyimizi yerinә yetirmәkdәn qürur duyuruq. Bu, bizim mәdәniyyәtimizdә olan bir ənənədir. Aşın paylaşılması, qapının açıq saxlanılması kimi әnәnәlәri davam etdiririk. Bunu bu gün etmәyә başlamadıq, tarix boyu hәmişә etmişik, amma bu dövrdәn danışırıqsa, 4 ildir bu işlәri görürük. Bu problem, Türkiyәdә mühacirlәrin düşәrgәlәri 4 ildir var. Amma nә zaman bu mәsәlә önәm qazandı? Dediyim kimi, Avropaya köç dalğası olduqda vә bunun tәsiri orada hiss edildikdә Türkiyә birdәn-birә yada düşdü. Açığı, bu, çox üzücü bir mәsәlәdir. Hәr şeydәn әvvәl Türkiyә sadәcә, ehtiyac üçün xatırlanası bir ölkә deyil. Biz Türkiyә olaraq kimdәnsә yardım tәlәb etmirik. Etdiklәrimiz ortadadır. Kimsә bizә dәstәk göstәrsә dә, göstәrmәsә dә, bunu davam etdirәcәyimizi bildiririk. Lakin beynәlxalq toplum insani, vicdani olaraq suriyalılara dәstәk göstәmәlidir, bu insani məsuliyyəti paylaşmalıdır, insani öhdәlik birlikdә yerinә yetirilmәlidir. Әgәr ortaq dәyәrlәrdәn danışırıqsa, bunlar o vaxt әhәmiyyәt kәsb edәr ki, ehtiyac yarandıqda birlikdә hәrәkәt edilsin. Amma avropalılardan “qapılarımızı bağlamalıyıq, bura xristian dünyasıdır, müsәlmanlardan qorunmalıyıq” kimi bir reaksiya gәlirsә, hansı ortaq dәyәrlәrdәn, hansı ortaq gәlәcәkdәn danışmaq olar? Avropa çox ciddi hesablama aparmalıdır. Bu böhran qarşısında bu qәdәr geç reaksiya verilmәsi araşdırılmalı olan bir çatışmazlıqdır. Bundan sonra etmәli olduğumuz iş odur ki, bu hadisәlәri törәdәn sәbәblәrin aradan qaldırılması üçün nәlәr edә bilәcәyimizә baxaq. Bu gün Suriyadan danışırıq vә inşallah, gәlәcәkdә oxşar vәziyyәtlәr ortaya çıxmaz, amma idarәçilik problemi yaşayan, oxşar vәziyyәtlәrә malik olan bir çox ölkә barәdә dә bunları demәk olar. Aralıq dәnizi vә әtrafı bölgәlәrә baxdıqda beynәlxalq ictimaiyyәt bu mәsәlәlәrә son dәrәcə hәssas yanaşmalıdır, qәtiyyәtli hәrәkәt etmәlidir vә prinsiplərinə sadiq olmalıdır. Bizim gözlәntilәrimiz bunlardır.

- 7 iyun seçkilərindən sonra siyasi partiyalar koalisiya danışıqları aparsalar da, nəticə vermədi. Bunun əsas səbəbi nə idi?

- Bu, siyasi partiyalarımızın qərarı ilə olan bir məsələdir. İdeal olan bu idi ki, seçkilər bitərdi, hökumət qurulardı və hər şey sistemli şəkildə işləyərdi. Hər kəs də bunun olmasını istəyərdi. Lakin bunun olmaması da çox mənfi tablonun olduğunu göstərən bir məsələ deyil. Hazırda Türkiyədə Konstitusiyada nəzərdə tutulan, demokratik standartların tələb etdiyi proses nədirsə, o işləyir. 7 iyunda seçkilər keçirildi, qutularda xalqın iradəsi əks olundu, təkbaşına hökumətin qurula bilməyəcəyi ortaya çıxdı. Koalisiya görüşləri keçirildi, onlardan da bir nəticə çıxmadı. Tarixdə ilk dəfə olaraq yeni bir təcrübə yaşayırıq. Bu vəziyyətdə prezidentimizin iradəsi ilə, Konstitusiyada da göstərildiyi kimi, yenidən seçkilərin keçirilməsi qərarı verildi. İnşallah, 1 noyabrda Azərbaycanla eyni gündə parlament seçkilərini keçirəcəyik. Bu bazar günü vətəndaşlarımızın xaricdə səslərini verməsi üçün son gün idi. Biz Bakıda da səsvermə keçirdik və dünən səsləri möhürlü torbalarda Türkiyəyə yolladıq. Bu proses yenidən işləyir. Baxaq görək qutudan nə kimi nəticə çıxacaq. Nəticəni əvvəlcədən təxmin etmək imkanı yoxdur. Koalisiyanın niyə qurulmaması ilə bağlı bir bürokrat olaraq mənim söz deməyim düzgün olmaz. Amma dediyim kimi, burada əsas məsələ odur ki, demokratik çərçivədə işləməli olan proses nədirsə, o işləyir və işləməyə davam edəcək. İnşallah, bu dəfə hökumətin qurulmasına imkan yaradacaq bir tablo ortaya çıxar. Normal şəkildə Türkiyədə bu proseslər davam edəcək.

- Türkiyənin 1 noyabr seçkilərindən gözləntiləri nədir?

- Hökumət qurulmayanda və yenidən seçkilər keçiriləndə həmin müddətdə təbii olaraq dövlətin işində müəyyən yavaşlamalar olur. Ancaq buna baxmayaraq, bu müddətdə baş nazirimizin də dediyi kimi, hökumət 4 illik iqtidara gəlmiş kimi çalışıb. Türkiyədə demokratik müdriklik artıq elə bir səviyyəyə çatıb ki, bu cür “keçid dönəmləri”ndə belə, dövlət çarxları işləməkdə davam edir. Hazırda bütün siyasi partiyalar diqqətlərini seçkilərə yönəldiblər. Lakin digər tərəfdən, 4 illik iqtidara gəlmiş kimi həyəcanla çalışmaq mümkündür və olan da budur. Məsələn, Suriyaməsələsi ilə bağlı xarici işlər nazirləri Vyanada toplandılar. Digər dövlət qurumları hər cür fəaliyyətlərini davam etdirilər. Qısa müddət əvvəl bizim gömrük və ticarət nazirimiz Dilucuna gəldi və orada Naxçıvanla olan yenilənmiş sərhəd-keçid məntəqəmizi, ondan bir müddət əvvəl isə Gürcüstanla olan yeni sərhəd qapısını açdı. Dövlətin işi dayanmaz. Bu, mümkün deyil. Ümid edirəm, bu seçkilər də sülh, əmin-amanlıqla, uğurla keçiriləcək, Türkiyənin əldə etdiyi demokratik standartlar bir daha təsdiq olunacaq. İnanıram ki, hökumət qurulacaq və yolumuza davam edəcəyik.

- Azərbaycan da 1 noyabrda parlament seçkiləri keçirəcək. Türkiyədən seçkini müşahidə etmək üçün kimlərinsə gəlməsi gözlənilirmi?

- Qardaşlığımızın maraqlı bir forması ortaya çıxdı. Seçkiləri də eyni gündə gerçəkləşdiririk. İndidən 1 noyabr seçkiləri həm Azərbaycan, həm də Türkiyəyə xeyirli olsun deyirəm. Onun bir mənfi cəhəti bu oldu ki, hər dəfə Azərbaycanda seçkilər olanda Türkiyədən çox sayda millət vəkili gələrək seçkiləri müşahidə edirdi. İndi Türkiyədə də seçim dönəmi olduğu üçün mənə verilən məlumata görə, böyük millət vəkili heyəti gəlməyəcək. Lakin TürkPA Azərbaycanda seçkiləri müşahidə edəcək və bu çərçivədə Azərbaycana göndərilən heyət içərisində Türkiyədən bir millət vəkili olacaq. Bu, Afyonkarahisar millət vəkili Halil Üründür. Bundan başqa, bir neçə alimimiz yenə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası heyəti çərçivəsində gələcəklər və seçkiləri müşahidə edəcəklər. Beləliklə, Türkiyədən fərqli çərçivədə heyətlər gələrək Azərbaycandakı seçkiləri müşahidə edəcəklər.

- Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi Türkiyə tərəfində işlər dayanmışdı. Hazırda bu proses hansı səviyyədədir və ümumilikdə ilk qatarın nə zaman hərəkət etməsi planlaşdırılır?

- Bu, həqiqətən çox böyük və önəmli bir layihədir. Ən azı aramızdakı enerji layihələri qədər uzunmüddətli və strateji bir layihədir. Bu kimi layihələrin həyata keçirilməsində gecikmələr ola bilir. Bildiyim qədərilə Azərbaycan və Gürcüstanda işlər tamamlanıb. Hətta yoxlama səfərləri edilib. Türkiyədə tikintinin aparılmasında bir sıra hüquqi məsələlər də ortaya çıxdı. Lakin onlar da həll edildi. İnşallah, 2016-cı ildə Türkiyədə işlər başa çatacaq. Biz İstanbuldan boğazaltı keçidi tamamlamışıq. Anadoluda aparılan işlər başa çatdıqda Avropaya da keçid daxil olmaqla, bu xətt açılmağa hazır olacaq. Bunu ən qısa zamanda həyata keçirmək niyyətindəyik. Bu, çox strateji bir layihədir. Bir tərəfdən Azərbaycanın tarixi İpək Yolundakı mərkəzi rolunu təsdiq edəcək, bir yandan Gürcüstanla vacib əməkdaşlıq kanalı yaradacaq, digər yandan da Türkiyə vasitəsilə Avropaya və əks istiqamətdə çox önəmli ticari və iqtisadi hərəkətlilik təmin ediləcək. Bir az gecikərək də olsa, inşallah, 2016-cı ildə bunu həyata keçirəcəyik.

- Noyabrda Antalyada G20 zirvəsi baş tutacaq. Azərbaycanın bu sammitdə iştirakı hansı formatda olacaq?

- Antalyada G20-nin zirvə toplantısı keçiriləcək və biz bir illik sədrliyimizi tamamlayacağıq. Sizin də dediyiniz kimi, G20-yə sədrliyi üzərimizə götürdükdə bir ölkəni dəvət etmək imkanımız var idi. Təbii ki, Azərbaycandan başqa ölkə ağlımıza gəlmədi. Azərbaycan dəvəti qəbul etdi. Bir ildir G20 çərçivəsində çox fərqli işlər görülür. Beyin mərkəzləri, enerji nazirləri, iqtisadiyyat nazirləri, maliyyə nazirləri toplanır. Bir sıra mövzularda Azərbaycan nümayəndələrinin də qatılması ilə müxtəlif işlər görüldü. Noyabrdakı iclas zirvə toplantısı olacaq. Hörmətli prezident sağ olsun, qatılacağını bildirdi. İnşallah, onu da Antalyadakı bu zirvədə görəcəyik. Türkiyənin G 20 sədrliyi Azərbaycanın da dəstəyi ilə başa çatmış olacaq.

- Bildiyiniz kimi, son vaxtlar Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttində atəşkəs rejimi dəfələrlə pozulub. Azərbaycanda mülki insanlar atəşə tutulub. Ermənistan tərəfi atışmalar zamanı Azərbaycan tərəfinin Türkiyə silahlarından istifadə etdiyini və Türkiyənin Azərbaycana silah tədarük edərək Cənubi Qafqazda vəziyyəti gərginləşdirdiyini iddia edir.  Bu məsələlərə münasibətiniz necədir?

- Əgər gərginliyin səbəbini axtarırıqsa, işğaldan başlamaq lazımdır. İşğalı davam etdirən Ermənistan tərəfidir. Eynilə terrorun səbəbini axtararkən necə ki, onu yaradan səbəblərə baxmaq lazımdır, burada da gərginliyin səbəbi işğaldır. Ermənistan öz siyasətinin törətdiyi səhvləri başda Türkiyə olmaqla, digər ölkələrin boynuna qoymağa çalışmasın. Bu, qəbuledilməzdir. İkincisi, Ermənistan əgər silahlanmadan danışırsa, son vaxtlar imzaladığı 200 milyon dollarlara çatan müqavilələrə, almağı planlaşdırdığı silah sistemlərinə baxsın. Amma bunların hamısını bir kənara qoyaq. Bütün beynəlxalq ictimaiyyət görməlidir ki, bu, donmuş münaqişə deyil, hər an bölgədə daha böyük problemlərə yol aça biləcək, davam edən bir yanlışlıqdır, beynəlxalq hüququn davamlı pozulmasıdır. Beləliklə də, beynəlxalq toplumun həllinə məsuliyyət daşıdığı bir münaqişədir. Ermənistan nə qədər əksini iddia etsə də, biz Türkiyə Cümhuriyyəti olaraq bu münaqişənin sülh yolu ilə həll edilməsinə ciddi şəkildə və konstruktiv bir məsuliyyət anlayışıyla töhfə verməyə hazırıq. Azərbaycanla bu mövzuda həmrəyliyimiz tamdır və davam edəcək. Azərbaycanın beynəlxalq hüquqdan qaynaqlanan haqlarını eynilə Azərbaycanın rəsmiləri kimi, biz də beynəlxalq topluma eşitdirməyə davam edəcəyik. Əgər bu bölgədə həqiqi mənada sülh, sabitlik və əmin-amanlıq istəyiriksə, əsas hədəfimiz xalqın rifahı, əmin-amanlığıdırsa, o zaman işğal aradan qaldırılmalıdır. Onun gətirəcəyi müsbət atmosferdən istifadə edərək iqtisadi, mədəni və sosial əməkdaşlıq prosesləri və imkanlarını nəzərdən keçirməliyik. Yalnız bu formada konstruktiv şəkildə davam edə biləcək bir gələcək qura bilərik. Bu baxımdan ümid edirəm ki, Ermənistan da sağlam düşüncəyə gələcək və səhv seçimlərdən imtina edəcək. Ermənistanın demoqrafik rəqəmləri, iqtisadi göstəriciləri bu siyasətin səhv olduğunu göstərir. Nifrət üzərinə bir gələcək qura bilməyəcəyimiz açıq-aydındır. İşğalla ortaq gələcək birlikdə ola bilməyəcək. Bununla da kimin hansı addımı atmalı olduğu çox aydın görünür.

- Türkiyə ilə Azərbaycan arasında ümumilikdə müdafiə sahəsində əməkdaşlıq hansı şəkildə davam edir? Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Azərbaycana səfəri zamanı hansı istiqamətlərdə danışılar aparılıb?

- Bayaq dedim ki, Türkiyədə “keçid dönəmində” belə dövlət mexanizmi işləməkdə davam edib. Baş Qərargah rəisi bu vəzifəyə gəldikdən sonra ilk səfərlərini Quzey Kıbrıs Türk Cümhuriyyətinə və Azərbaycana etdi. Bu səfər başda PKK və DEAŞ olmaqla, Türkiyənin çox ciddi hücumlara məruz qaldığı,  Rusiyanın Suriyada hərbi qüvvələrini artan şəkildə yerləşdirdiyi və hətta hava pozuntusu həyata keçirdiyi bir dönəmdə baş verdi. Demək istədiyim budur ki, bu çətinliklərin olduğu bir dönəmdə Türkidə Cümhuriyyəti dövlət mexanizmi adi proqramlarını davam etdirir. Bununla əlaqədar birinci yerdə bizim üçün Azərbaycandır. Baş Qərargah rəisinin səfəri hər şeydən əvvəl məni bu baxımdan çox sevindirir. Tələffüz etdiyimiz, Azərbaycanın qəlbimizdə fərqli bir yer tutduğu gerçəyini sübut edib. Bu, sevindirici bir haldır. Azərbaycanla hər sahədə münasibətlərimiz sıx şəkildə davam edir. Hərbi əməkdaşlığımız da bunlardan biridir. Azərbaycanın  özünə görə müəyyənləşdirdiyi məqsəd və hədəfləri var. Silahlı qüvvələrinin təlim səviyyəsini inkişaf etdirmək, NATOstandartlarına çatmaq istəyir. Bu baxımdan Türkiyənin verə biləcəyi töhfələr nədirsə, biz bunlara hazırıq. Baş Qərargah rəisi də bunu vurğuladı. Bizim də Azərbaycandan əldə edə biləcəyimiz bir çox şeylər var. Azərbaycanın özünə görə bu regionda çox maraqlı məlumat təcrübəsi, bu bölgəni bizə nəzərən daha dərindən oxuma bacarığı var. Buna görə də Türkiyədəki əsgər və zabitlərimizin Azərbaycandakı əsgər və zabitlərlə, yəni eyni millətin övladlarının bir-biri ilə daha çox əlaqə qurmasını, birlikdə təlimlərdə iştirak etməsini nəzərdə tutan fəaliyyətlərimiz davam edəcək. Bizim bu işlərimizin əsas məqsədi Türkiyənin və Azərbaycanın daha çox intizamlı, güclü silahlı qüvvələrinin olmasıdır. Məqsədimiz birgəlikdən qüvvət yaratmaq, eyni zamanda sülh və təhlükəsizliyin simvolu olan Türkiyə-Azərbaycan birliyinin hər zaman davam edəcəyini dünyaya göstərməkdir.

- Türkiyə ilə Azərbaycan arasında ilboyu rəsmi şəxslərin bir neçə səfəri baş tutur. Bu ilin sonuna kimi hansı səfərlər gözlənilir? Seçkilərdən sonra Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilirmi? Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının nə zaman və harada keçirilməsi planlaşdırılır?

- Türkiyədə 7 iyul seçkilərindən sonra hökumət qurulmayanda biz öz aramızda düşündük ki, yəqin bu dövr sakit keçər, 1 noyabrda seçkilər olar və ondan sonra hərəkətlənmə başlayar. Lakin bir neçə nümunə göstərmək lazım gələrsə, bu dövrdə gömrük və ticarət nazirimiz, xarici işlər nazirimiz, Baş Qərargah rəisimiz Azərbaycana səfər etdilər. Yəni seçkilər olsun-olmasın, fərqi yoxdur. Bu təmaslar qarşılıqlı olaraq davam edir. Bu, sevindirici haldır. Amma seçkilərdən sonra da sıx səfərlər olacaq. Ölkələrimiz arasında vəzifəyə yeni gələn rəsmi şəxslərin imkanlar çərçivəsində qarşılıqlı səfərlər həyata keçirmələri kimi bir adət mövcuddur. Bu ənənənin ən yüksək səviyyədə təmsilçiləri prezidentlərdir. Hər iki prezident seçildikdən sonra qarşılıqlı olaraq ilk səfərlərini bir-birinin ölkəsinə ediblər. Noyabrdan sonra böyük ehtimal ki, bir çox səfərlər olacaq. İndidən onları bilmək mümkün deyil. Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çox vacib bir formatdır. Növbəti iclas böyük ehtimalla 2016-cı ildə baş tutacaq. Son toplantı 2015-ci ilin yanvar ayında Türkiyədə olub. Hələ planlaması olmayıb, amma böyük ehtimal ki, növbəti toplantı Azərbaycanda keçiriləcək. Bunu növbəli şəkildə etməyə çalışırıq. Təsadüfən son ikisi Türkiyədə oldu, amma növbəti iclasın Azərbaycanda keçiriləcəyini təxmin edirəm. Zamanına isə dövlət başçıları qərar verəcəklər. Amma çox gecikmədən mütləq olacaq.

- Türkiyə Cümhuriyyətin elan olunmasının növbəti ildönümünü qeyd edir. Bu günlə bağlı fikirlərinizi bölüşməyinizi istərdik.

- Cümhuriyyətimizin qurulmasının 92-ci ildönümünü qeyd edirik. Ənənəvi olaraq, bunu həm Türkiyədə, həm də xaricdə böyük sevinclə qeyd etməyə çalışırıq. Azərbaycanda – Bakıda, Naxçıvan və Gəncədəki nümayəndəliklərdə bunu həyata keçirəcəyik. Cümhuriyyət bizim yaxın dövr tariximizdəki ən önəmli əsərimizdir. Bu gün sahib olduğumuz demokratik mühiti, hüquqi dövləti, insan haqları standartlarının bu səviyyəsini, xalqın və millətin suverenliyinin daha irəliyə götürülməsinə zəmin yaradan mühiti cümhuriyyət təmin edir. Bununla da, bu vəsilə ilə ona sahib çıxdığımızı və çıxacağımızı nümayiş etdiririk. Cümhuriyyətin qurulmasında ən böyük fədakarlıq edənləri rəhmətlə xatırlayırıq. Təkcə Cümhuriyyətinin quruluş dövründə bir gün əvvəl Diyarbəkirdə şəhid edilən polislərimiz, sərhədlərimizi qoruyan, terrorla mübarizə aparan bütün müdafiə qüvvələrimiz daxil olmaqla, Cümhuriyyətin qurulmasında və bu gün qorunaraq yaşadılmasında əməyi olan hər kəsə böyük bir minnət borcumuz var. Bu vəsilə ilə o hissimizi də təzələyirik və onlara mənəvi olaraq bağlılığımızı, minnətdarlığımızı ifadə edirik.