İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səlim Müslümov: Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əmək ehtiyatları ciddi şəkildə azalıb

Səlim Müslümov: Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əmək ehtiyatları ciddi şəkildə azalıb

29.10.2015

İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransı öz işinə başlayıb. Konfransda təşkilata üzv ölkələrdə işsizliyin və yoxsulluğun azaldılması, əmək bazarının inkişafı, gənclərin məşğulluğu, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə təşkilatın Bakıda Əmək Mərkəzinin təsis olunması və s. məsələlər müzakirə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması, məşğulluğun artırılması, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində Azərbaycan hökuməti tərəfindən məqsədyönlü tədbirlərin davam etdirildiyini vurğulayıb: “Son 12 ildə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 180 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dollara çatıb. Bununla bərabər, respublikada 1 milyon 400 mindən çox yeni iş yeri yaradılıb və işsizliyin səviyyəsi 4,9 faizə, yoxsulluğun səviyyəsi isə 44,7 faizdən 5 faizə enib”.

Ölkəmizin iqtisadi uğurlarının davamlı olaraq beynəlxalq iqtisadi institutlar və müxtəlif reytinq təşkilatları tərəfindən də yüksək dəyərləndirildiyini qeyd edən nazir bunun daha bir ifadəsi kimi Davos İqtisadi Forumunun 2014-2015-ci il üzrə hesabatında iqtisadiyyatın rəqabətədavamlılığı baxımından Azərbaycanın 38-ci yeri tutduğunu diqqətə çatdırıb. S.Müslümov bildirib ki, qlobal iqtisadi və maliyyə böhranı, həmçinin son dövrlərdə enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi kimi faktorlar bir çox ölkələr, eləcə də İslam Əməkdaşlıq Təşkilatının enerji resursları ixrac edən üzv dövlətləri üçün müəyyən risklər yaradıb. Belə şəraitdə hər bir dövlətin məqsədi ən azı öz iqtisadiyyatını baş verən mənfi proseslərin təsirindən qorumaq, yaxşı halda isə yaranmış çağırışları imkana çevirməkdir: “Azərbaycan Respublikası da yaranmış yeni vəziyyəti nəzərə alaraq, çevik və innovativ siyasətə xüsusi önəm verir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi, həmçinin islahatlar vasitəsilə makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həyata keçirilir”.

Nazir bildirib ki, ölkəmizdə "ASAN xidmət" mərkəzlərinin yaradılması əhaliyə göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırıb. Fəaliyyət göstərdiyi 3 il ərzində bu mərkəzlərə 6 milyon insan müraciət edib. Hazırda "ASAN xidmət" mərkəzlərində 10 dövlət orqanına aid 30 növ xidmət göstərilir, eyni zamanda həmin mərkəzlərdə 30 növ funksional yardımçı xidmətlər təşkil edilib. Keçən həftə isə sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növlərinin azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasının həyata keçirilməsi də "ASAN xidmət" mərkəzlərinə tapşırılıb.

S.Müslümov əldə olunan uğurlara baxmayaraq, Ermənistan tərəfindən davam edən hərbi təcavüzün ölkəmizin iqtisadi-sosial inkişafına böyük maneə törətdiyini diqqətə çatdırıb: “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bundan əlavə, ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb. Ermənistanın işğalçı siyasətinə qarşı nümayiş etdirdikləri birmənalı və davamlı mövqeyə görə İslam Əməkdaşlıq Təşkilatı Katibliyinə və üzv dövlətlərə bir daha təşəkkürümüzü bildiririk”.

Təşkilata üzv dövlətlər arasında bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində daha sıx əməkdaşlığın vacibliyini qeyd edən S.Müslümov bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin 2013-cü ildə Bakı şəhərində keçirilən ikinci konfransının yekununda Əmək, Məşğulluq və Sosial Müdafiə sahəsində Əməkdaşlıq üzrə Çərçivə sənədi qəbul edilib: “Həmin sənədin icrası üzrə Fəaliyyət Planının həyata keçirilməsi üçün yaradılmış Rəhbər Komitənin ötən il Bakı şəhərində keçirilən ilk iclasında Çərçivə sənədinin icrası, ortaq maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təşkilata üzv dövlətlər üçün əmək və məşğulluq sahələrində ortaq maraq kəsb edən kifayət qədər məsələ var və hazırkı konfrans da məhz buna dəlalət edir”.

Nazir təşkilata üzv dövlətlər arasında əməkdaşlığın konseptual, praktiki və institusional davamlılığının təmin edilməsinin qarşıda duran əsas məsələ olduğunu diqqətə çatdırıb: “Hesab edirəm ki, bizim uğurumuz üzv dövlətlərin aidiyyəti qurumlarının, İslam İnkişaf Bankının, SESRİC-in (İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial araşdırma və Təlim Mərkəzi) və Təşkilatın aidiyyəti institutlarının səylərini birləşdirməklə yaradacağımız birlikdən asılıdır. Bu müstəvidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsə uyğun olaraq, İslam Əməkdaşlıq Təşkilatının mərkəzi qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması mühüm rol oynaya bilər. Ötən dövrdə Əmək Mərkəzinin yaradılmasının Konsepsiya Sənədi və Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanaraq, baxılması üçün üzv dövlətlərə göndərilib. Üzv dövlətlərin rəy və təklifləri nəzərə alınmaqla həmin sənədlər ümumiləşdirilib və baxılmaq üçün bu Konfransa təqdim olunub. Müsbət haldır ki, hazırkı konfrans iştirakçıları tərəfindən də bu sənədlər yekdilliklə dəstəklənib”.

Konfrans iştirakçılarının İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması ilə bağlı məsələyə müsbət yanaşacaqlarına əminliyini ifadə edən S.Müslümov belə bir strukturun yaradılmasının ölkələrimiz arasında əmək və məşğulluq sahələrində praktiki, səmərəli və dayanıqlı, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.