İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazirin müavini: “ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilməyib”

Baş nazirin müavini: “ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilməyib”

29.10.2015

Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 93 müasir qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoftun rəhbərlik etdiyi nümayəndə heyəti və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycan dövləti tərəfindən “Böyük qayıdış” proqramı hazırlanır və orada bütün bu məsələlər əks olunub.

Baş nazirin müavini əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupu heç bir irəliləyişə nail ola bilməyib: “Bu yaxınlarda ATƏT-in Minsk qrupunun üzvləri ilə görüşdüm. Görüşdə mən onlara bildirdim ki, sizdən yalnız bir xahişim var, heç olmasa onu mənə deyin. Bizim günahımız nədir?! Bu qədər ədalətsizlik olar?! Biz kimə nə etmişik?! Heç kimin torpağın işğal etməmişik. Bütün dünya üçün açığıq. Avropanın ən mühüm tədbirlərinə də ev sahibliyi edirik. Hətta Avropanı enerji resursları ilə də təmin edirik. Daha nə etməliyik?! 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Görün neçə il keçib?! Əgər o qətnamələrin icra mexanizmi varsa, onda niyə bizimlə bağlı qəbul olunmuş o qətnamələr icra olunmur? Bu ayrı-seçkiliyin səbəbi nədir?!”.

Görüşdə H. Nordentoft Azərbaycanda səfərdə olarkən iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyib, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirlərdən heyran qaldığını bildirib. 

Qeyd olunub ki, Azərbaycanla qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir.