İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ISESCO-nun baş direktoru: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir

ISESCO-nun baş direktoru: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir

27.11.2015

Trend:

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı olub.

ISESCO-nun Baş Konfransının XII sessiyası “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək dedi: "Qadir Allahın adı ilə.

Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

ISESCO-nun hörmətli xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva.

Zati-aliləri ISESCO-nun XXI Baş Konfransının sədrinin nümayəndəsi.

Zati-aliləri ISESCO-nun İcraiyyə Şurasının sədri.

Zati-aliləri nümayəndə heyətlərinin rəhbərləri.

Zati-aliləri nümayəndə heyətlərinin üzvləri.

Hörmətli baş direktorlar, beynəlxalq təşkilatların üzvləri.

Hörmətli səfirlər, xanımlar və cənablar.

İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının - ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışında qarşınızda çıxış etməkdən məmnunam. İlk növbədə, bu konfransın hazırkı sessiyasının gözəl ölkədə qəbul edildiyinə və bu gözəl şəhərdə tədbirin uğurla keçməsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Zati-aliləri, gözəl ölkənizi davamlı tərəqqi və çiçəklənmə yolunda irəliyə doğru aparmaqda Sizə böyük uğurlar arzulayıram. Mən, həmçinin böyük şərəf hissi ilə Zati-alinizə minnətdarlığımı bildirirəm ki, Siz öz Sərəncamınızla məni belə bir yüksək orden ilə təltif etmisiniz. Mən bunu çox yüksək dəyərləndirirəm. Bu, mənim İslam aləmində göstərdiyim səylərə verilən ən yüksək qiymətdir. Bu, şəxsən mənim üçün, bizim təşkilatımız üçün böyük qiymətdir. Sizə dərin təşəkkürümüzü bildiririk ki, bizim bu konfransda açılış nitqi ilə çıxış etdiniz. Arzulayıram ki, Sizin burada qaldırdığınız bütün məsələlər həyata keçirilsin. Bu işlərdə biz də yaxından iştirak etməliyik. Biz bilirik ki, Sizin müdrik rəhbərliyinizlə ölkəniz necə uğurlar qazanıb. Sizin atdığınız addımlara gəldikdə, təbii ki, bunlar bu məqsədlərə çatmaqda bizə yardımçı olacaq.

Mən, həmçinin Azərbaycanın birinci xanımı, ISESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı xüsusi salamlayıram. Mən təşkilatımıza - ISESCO-ya verdiyi dəstəyə görə ona təşəkkürümü bildirirəm. Mən bilirəm ki, o, elm, mədəniyyət və təhsil sahələrində çox iş görür və bu ölkənin inkişafında olduqca fəal rol oynayır. Cənab Prezident, çox sağ olun. Birinci xanım, çox sağ olun. Burada bizimlə olduğunuza görə bizə böyük şərəf verdiniz.

Sonra ISESCO-nun baş direktoru təşkilatın yaranma tarixindən və müasir dövrdəki fəaliyyətindən danışaraq dedi:

- ISESCO son üç onillik ərzində İslam dünyasında baş verən dəyişikliklərə uyğunlaşdı. Bu baxımdan, o, özünü birgə İslam işinin ön cərgələrində qərarlaşdırdı, İslam həmrəyliyinə böyük təkan verdi və nəhayət sayı 25-dən 52 dövlətə çatan üzv ölkələrdə təhsil, elm və mədəni irəliləyişi gücləndirdi. Biz bütün üzv dövlətlərin səylərini birləşdirmək, siyasətimizi bütövləşdirmək və müsəlman aləminin ümumi toplu kimi davamlı və əhatəli inkişafına doğru böyük addımların atılması üçün birgə İslam fəaliyyətinin məqsədlərinə nail olmaq kimi ülvi amalımızı təmin etmək üçün İslam Əməkdaşlıq Təşkilatının digər beş üzv dövlətini üzvlüyə qəbul etməyi səmimiyyətlə arzulayırıq.

ISESCO–nun baş direktoru rəhbərlik etdiyi təşkilatın təhsil, elm, texnologiyalar, mədəniyyət və ünsiyyət sahələrində qlobal elmi mərkəz kimi fəaliyyətindən də danışdı. Əbdüləziz Osman əl-Tuveycri ISESCO-nun 2016-2018-ci illər üçün tədbirlər planında üç strateji məqsədin qarşıya qoyulduğunu bildirdi. Qeyd etdi ki, bunlar gənclərin İslam aləmində davamlı inkişafa səfərbər olunması, üzv dövlətlərin təhsil, elm, mədəniyyət və ünsiyyət sahəsində yürütdükləri siyasətdə keyfiyyətin, idarəçiliyin və bərabərliyin təşviqi, əsas diqqətin insan hüquqlarının, mədəniyyətin təbliğinə, sosial ədalətə və birgə yaşayışa hörmətlə yanaşılmasına yönəltməkdən ibarətdir. ISESCO–nun baş direktoru müasir dünyada və müsəlman aləmində baş verən hadisələrə də münasibət bildirərək dedi:

- Zati-aliləri cənab Prezident, hörmətli birinci xanım, xanımlar və cənablar. Bu gün dünyada baş verən çətinlik və gərginliyə gəldikdə, xüsusən də İslam dünyasında olan ciddi vəziyyətlərə toxunduqda, biz bütün üzv dövlətlərin üzləşdiyi çağırışların aradan qaldırılması, səylərimizin birləşdirilməsi üçün bütün imkanlardan istifadə etməliyik. Burada heç bir istisna yoxdur. Çünki qarşımızda duran çağırışları məhz bizim inkişafımızla bağlı davamlı işlərin görülməsinə, yenidənqurma işlərinin aparılmasına, bugünkü inkişafın daha da yüksək səviyyəyə qaldırılmasına və beynəlxalq ictimaiyyətin səylərinin məhz münaqişələrdən və insan hüquqlarının pozulmasından azad olan dünyaya doğru yönəldilməsinə, insanların lazımi həyat tərzi sürmələri üçün sosial ədalətin və sülhün bərqərar olunmasına yönəltməliyik. Buna görə əgər biz ISESCO ailəsi daxilində öz istinadlarımızdan çıxış edərək daimi olaraq bu vəziyyətə nəzarət edəcəyiksə, bu, bizim hamımızı bütün çətinliklərdən, silahlı münaqişələrdən qoruyacaq və münaqişələrin, zorakılığın, vəhşi terrorçuluğun yayılmasının qarşısının alınmasına şərait yaradacaq. Biz bu yolla addımlayaraq öz mübarizəmizi aparacağıq, müsəlmanlar arasında ayrılığa son qoyacaq, təcridolunmanı ləğv edəcəyik. Biz bu gün baş verən münaqişələrin həllinə, onların tam ləğv edilməsinə bu yolla nail ola bilərik.

Bu gün biz Azərbaycan Respublikasındayıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf bütün İslam aləmində müasir dövlətin nümunəsi ola bilər. Azərbaycan Respublikası bu gün bir çoxları üçün nümunə ola bilər. Çünki bu, inkişaf etmiş bir dövlətdir. Bu ölkə öz tarixi dəyərlərinə əsaslanaraq sülh şəraitində birgəyaşayışı təşviq edir, sosial sülhün və ədalətin təmin olunmasında uğurlar qazanır. Mən, hörmətli Azərbaycan Respublikasının Prezidenti, Sizə, Azərbaycan xalqına müraciət edərək Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm. Əldə etdiyiniz bütün nailiyyətlərə görə Sizi təbrik edirəm. Biz fəxr edirik ki, İslam dünyasında belə ölkə mövcuddur. Azərbaycan Respublikası Allah-Təalanın iradəsi və Prezidentin müdrik rəhbərliyi ilə öz inkişafını, qazanılan uğurları davam etdirəcək.

ISESCO ailəsi Azərbaycan Respublikasında və digər ölkələrdə öz məqsədlərinə xidmət edir. Biz də təşkilat olaraq əlimizdən gələni edirik ki, vacib bildiyimiz məqsədlərə nail olaq. Çünki biz intellektual dairələrin bacarığını bir araya gətiririk, çalışırıq bu sahədə mövcud olan bütün dəyərlərimizi onların vasitəsilə təşviq edək. Buna görə biz belə bir zəngin, xeyirxah və qonaqpərvər xalqı olan ölkədə toplaşmışıq. Bu ölkənin Zati-aliləri müdrik Prezidentinin və hörmətli birinci xanımının rəhbərliyi ilə qazanılan nailiyyətlər bizim tərəqqimizin rəmzidir. Biz çox fərəh hissi ilə bəyan edirik ki, dünyaya açığıq. Azərbaycan Respublikası işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin birmənalı olaraq azad edilməsinə nail olacaq və işğal altındakı torpaqlar heç vaxt düşmənə nəsib olmayacaq. Biz bu bəyanatı tərəddüd etmədən veririk. Biz bunu hər zaman etmişik və edəcəyik. Çünki biz, həmçinin istəyirik ki, Fələstin dövləti də İsrail işğalından azad olunsun. Biz bilirik ki, erməni işğalı nəticəsində böyük dağıntılar baş verib. Onlar işğal olunmuş torpaqlarda dini, tarixi, mədəni abidələri dağıdıblar. Buna görə də istərdik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılsın. Çünki mütləq xarakterə malik olan dörd qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılması tələb edilir. Biz onun tərəfdarıyıq ki, bu torpaqlar tezliklə azad olunsun. Mən bütün regional dövlətlərə üzümü tutub deyirəm, biz bu işğala son qoymalıyıq, pozulmuş hüquqları bərpa etməliyik. Mən konfransdan xahiş edərdim, bir bəyannamə, qətnamə qəbul etsin və orada tələb olunsun ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılsın. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir. İnsanlar öz yerlərindən didərgin salınıb, qətlə yetirilib, onların hüquqları pozulub. Vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır. Azərbaycanın vacib regionu işğaldan azad edilməlidir və ediləcək.

Hörmətli cənab Prezident, hörmətli birinci xanım, ISESCO-nun üzv dövlətlərinin hörmətli nümayəndələri. Siz öz evinizdəsiniz. Bu, bizim – İslam ümmətinin məhz dərk etdiyi bir xətdir, mövqedir. Biz öz məqsədlərimizə nail olacağıq. Bizim Xartiyamızda olan məqsədlərə nail olacağıq. Lakin bildirmək istəyirəm ki, sizi narahat edən hər hansı bir məsələyə gəldikdə təşkilatımız daxilində dərhal bir-birimizi dəstəkləməliyik. İnşallah, biz öz fəaliyyətimizlə elm, təhsil və mədəniyyəti bütün İslam xalqlarında təşviq edəcəyik. Bu, bütün bəşəriyyət üçün vacibdir.

Mən çox məmnunam ki, burada Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan xalqına bir daha təşəkkürümü bildirirəm. Bizi və bu konfransı qəbul etdiyinizə görə çox sağ olun. Yaratdığınız şəraitə görə minnətdaram və inşallah əlimizdən gələni edəcəyik ki, Sizin də apardığınız fəaliyyət bizim hamımızın – üzv dövlətlərin maraqlarına uyğun olaraq tam həyata keçsin".