İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimi olub.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimi olub.

16. 12. 2013

Mərkəzin formalaşdırılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Digər məqsəd isə Dağlıq Qarabağ bölgəsi, Ermənistanın işğalçılıq siyasəti və münaqişə barədə dolğun, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Gənclər və İdman Nazirliyi, Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib.

Bu barədə məlumat verən mərkəzin koordinatoru Nurəddin Mehdiyev bildirib ki, layihə çərçivəsində “virtualkarabakh.az” portalı hazırlanıb. Onun sözlərinə görə, portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir: Əsas hədəflərimizdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanın haqlı mövqeyinin dünyanın ədalətli, sülhsevər sakinlərinə çatdırılmasına töhfə verməkdir”.

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə çox vacib hadisələrdən biridir.
“Biz bu gün virtual aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna dəstək olacaq”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünün qaytarılması üçün mübarizə aparır. “Bu mübarizə sadəcə real həyatda deyil, həmçinin internetdə də aparılır. Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır. Buna görə də bu həqiqətləri dünyaya çatdırmalıyıq ki, biz haqlıyıq və xalqımız nələr çəkib. Layihədə 5 təşkilat tərəfindən yaranan təşəbbüs inanıram ki, bütün Azərbaycanın təşəbbüsünə çevriləcək”.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə ölkə başçısının rəhbərliyi altında aparılan bütün işlər, bizi Qarabağa aparan yoldur. “Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi bir önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov isə bildirib ki, Azərbaycanda internet artan xətlə inkişaf edir və etməkdədir. “Bu gün gənclərimiz Qarabağ haqqında və onun həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox işlər görür. Bir şeyə həqiqətən inanırıq ki, internetdə Qarabağ virtual ola bilər, lakin Qarabağ realdır və o bizimdir”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, bugünkü saytın təqdimatı onu göstərdi ki, biz hər gün Dağlıq Qarabağın qaytarılması uğrunda durmadan çalışırıq. “Bilməliyik ki, beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır. Bu işdə hər bir Azərbaycan gənci və fəalı iştirak etməlidir. İnanıram ki, bu təşəbbüs davam edəcək və Azərbaycanın haqq səsinə beynəlxalq ictimaiyyətin qoşulmasını təmin edəcəyik”.

Tədbirdə eyni zamanda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan “Qarabağa doğru” filminin Azərbaycan, ingilis dilində versiyalarının və “Şuşa-Virtual Səyahət” 3D qrafik təsvirli filminin də təqdimatı baş tutub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyidir.

www. virtualkarabakh.az