İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan qoşunlarının tam çıxarılması ilə başlamalıdır

XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan qoşunlarının tam çıxarılması ilə başlamalıdır

03.12.2015

Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlamalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci görüşündə deyib.

E.Məmmədyarov qeyd edib ki, ATƏT məkanında həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə əsas təhdid və çağırış olmaqda davam edir: "Təəssüflə qeyd etməliyəm ki, Bazeldə keçirilmiş son Nazirlər Şurası görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində real irəliləyiş olmayıb. Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlər dövlətlərinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin sülh müqaviləsi üzərində nəticəyönümlü danışıqlara başlanılmasına dair çağırışlarına məhəl qoymur. Ermənistan rəhbərliyi qeyri-qanuni güc tətbiqi və etnik təmizlənmə vasitəsilə yaradılmış davamlı olmayan status-kvonun möhkəmləndirilməsi üçün danışıqlarda iştirak görüntüsü yaradır".

Nazir vurğulayıb ki, təcavüzkar və təcavüzün qurbanı olan tərəfə “tarazlı” və fərq qoyulmadan yanaşma heç vaxt arzulanan nəticəni verməyəcək: "Təcavüzkarın məmnun edilməsi onu yalnız daha da həvəsləndirir. Misal olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi məqsədilə beynəlxalq humanitar və insan hüquqlarının açıq şəkildə pozulması ilə işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanın aparılması, infrastrukturun dəyişdirilməsi, qeyri-qanuni olaraq mülkiyyətin, təbii resursların və digər sərvərlərin istismarı və ticarətini qeyd etməliyəm. Bu kontekstdə, bu təşkilatın siyasi nizamlanma vasitələrinin işlək saxlanılmasına xidmət edən prinsip və dəyərlərinin müdafiəsi istiqamətində iştirakçı dövlətlərin prinsipial mövqe nümayiş etdirməsi çox vacibdir".

E.Məmmədyarov deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu istənilən vaxt gərginliyin artması ilə gözlənilməz fəsadlar doğuracaq və qeyri-sabitlik yaradacaq amildir: "Bununla da münaqişənin nizamlanması BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1193) saylı qətnamələrində də tələb olunduğu və ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatında da əks olunduğu kimi, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması ilə başlanmalıdır".

Xarici işlər naziri bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılması, həmçinin mühüm etimadyaradıcı tədbir olacaq və sülh prosesinin dinamikasını tamamilə dəyişərək, Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar aça bilər: "Bu, həmçinin zorla öz evlərindən didərgin salınmış əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına, münasibətlərin normallaşmasına, regionda kommunikasiyanın bərpasına, eyni zamanda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarına Azərbaycan daxilində birgə gələcək perspektivlərinin müzakirəsi məqsədilə real, obyektiv şəraitin yaradılmasına yol açacaq".

E.Məmmədyarov vurğulayıb ki, bu baxımdan, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş, digər Minsk qrupu həmsədrləri tərəfindən dəstəklənmiş ideyalar sülh danışıqlarında irəliləyişə nail olunması istiqamətində çox yaxşı təkan ola bilər.

no comment