İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Minsk qrupu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasları təşviq etməlidir

XİN: Minsk qrupu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasları təşviq etməlidir

22.12.2015

Trend:

İşğala son qoyulduqdan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın sərhədləri daxilində yenidən birgə yaşayacaq.

Bunu Trend-in sorğusuna cavab olaraq, ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirlərindən danışarkən biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların yaradılmasının zəruriliyini bildirmişik. Hesab edirik ki, bu kimi təmaslar gələcək birgəyaşayışın təmin edilməsi baxımdan mühüm zəmin yaratmaq və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə vermək imkanına malikdir".

XİN rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının müvəqqəti işğalına son qoyduqdan sonra, əvvəllər olduğu kimi, bu iki icma Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yenidən birgə yaşayacaq: "Əvvəllər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqa xidmət edən bir neçə layihə olsa da, Ermənistan tərəfi bu təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələri nəzərə alaraq, onun qarşısını almağa yönəlmiş destruktiv siyasət yürütməyə başladı".

O bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə maneə olmağa çalışır: "Bununla, əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini, ilhaqçı siyasət yürütdüyünü və hər vəchlə münaqişənin həllinə maneə olduğunu bir daha təsdiq edir".

H.Hacıyev əlavə edib ki, münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasları təşviq etməlidirlər.