İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ konqresi Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərməkdən imtina etdi

ABŞ konqresi Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərməkdən imtina etdi

23.12.2015

Trend:

Dekabrın 18-də ABŞ Prezidenti Barak Obamanın imzası ilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə Ümumi Təxsisatlar Qanunu qüvvəyə minib. Trend-in məlumatına görə, bu qanun ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım etməsini nəzərdə tutan heç bir müddəanın olmaması ilə əlamətdar olub. Belə ki, təxsisatlar qanununda belə bir müddəanın olmasını təmin etmək üçün ABŞ-dakı erməni diasporu və onların Konqresdəki havadarları bütün resurslarını səfərbər ediblər. Lakin bütün bunlara baxmayaraq, ABŞ Konqresi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı müddəanın yekun qanuna və onun əlavəsinə salınmasından imtina edib.

Çox əhəmiyyətlidir ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərməsini nəzərdə tutan müddəanı daxil etməyib. Halbuki, 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə olunan bənd olub. Son 3 ildə erməni tərəfi Konqresdəki bütün imkanlarından istifadə etməklə bu müddəanın bərpa olunmasına çalışsa da, bu istiqamətdə uğursuzluğa düçar olub. Belə ki, ABŞ Konqresi ötən iki ildə formalaşan status-kvonu saxlamış və ard-arda 3-cü il qəbul etdiyi təxsisatlar qanununda və onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərinə ABŞ dövlət yardımlarının göndərilməsi üçün istifadə edilən müddəanın salınmamasına qərar verib.