İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2015-ci ildə heç bir irəliləyiş olmayıb, Ermənistan sülh istəmir”

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 2015-ci ildə heç bir irəliləyiş olmayıb, Ermənistan sülh istəmir”

02.01.2016

“Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmayıb. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanın siyasəti ondan ibarətdir ki, bu  münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: “İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalı və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.

Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.

Dövlət başçısı qeyd edib ki, buna nail olmaq üçün diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır: “Biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilib. Düşmənə sarsıdıcı zərbələr endirilib və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa, hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur”.