İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniyalı parlamentari: Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək doğru deyil

Britaniyalı parlamentari: Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək doğru deyil

12.02.2014

"Bəzən Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə kimi səciyyələndirilir ki, bu da çaşqınlıq yaradır. Çünki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması davam edir". Bunu Böyük Britaniyanın xarici işlər nazirinin parlament müavini Mark Simmonds dünən ölkə parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr zamanı bildirib.Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində deyilir.

Onun sözlərinə görə, Böyük Britaniya qoşunların təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulmasının davam etməsindən narahatdır.

Simmonds öz çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın inkişafına əngəl olmaqda davam edir və Cənubi Qafqaz regionunda gələcək qeyri-sabitliyə səbəb olur.

Onun sözlərinə görə, Böyük Britaniya münaqişənin dinc yolla nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini qətiyyətlə dəstəkləyir. Həmsədrlər irəliləyişə nail olmaq üçün inadla çalışırlar və beynəlxalq birlik buna dəstək göstərməyə hazırdır.

Nazir müavini münaqişə tərəflərini təmkin nümayiş etdirməyə çağırıb və Britaniya hökumətinin münaqişənin nizamlanmasına yardım etmək üçün hər cür səy göstərdiyini bildirib.