İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Azərbaycan işğalın nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüsləri dəstəkləyir

XİN: Azərbaycan işğalın nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüsləri dəstəkləyir

26.01.2016

Trend:

Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında ölkəmizlə bağlı məruzələrin müzakirəsini şərh edərkən deyib.

H.Hacıyev xatırladıb ki, AŞ PA-nın 2016-cı il yanvarın 26-da keçirilmiş plenar iclasında ölkəmizlə bağlı iki məruzə müzakirə edilib. Məruzəçi Militsa Markoviçin hazırladığı "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edilib: "Azərbaycanın sərhəd rayonlarının əhalisinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamədə AŞ PA Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərini işğal etməsi nəticəsində bölgədə yaşayan Azərbaycan vətəndaşları üçün yaranan humanitar və ətraf mühit problemlərini pisləyir. Assambleya hesab edir ki, qəsdən süni ətraf mühit böhranının yaradılması “ekoloji təcavüz” və bir dövlətin digər dövlətə qarşı ekoloji fəlakət zonalarının yaradılması, habelə orada yaşayan əhali üçün normal yaşam şərtlərinin qeyri-mümkün edilməsi məqsədi güdən düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir".

Onun sözlərinə görə, eyni zamanda sənəddə Assambleya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bunun bütün ətraf ərazilər üçün təhlükə yaratdığını qeyd edir: "Qətnamədə Ermənistan hakimiyyətinə su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa və kəskin humanitar problemlərini nəzərə alaraq, Ermənistan silahlı qüvvələrininin ərazidən dərhal çıxarılmasına çağırış edilir. Həmçinin qətnamədə Assambleya tərəfindən bu hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktı kəskin şəkildə pislənilir. Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyi qeyd olunur".

XİN rəsmisi bildirib ki, təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı və "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilmədi: "Səsvermədə iştirak edən AŞ PA üzvlərindən 66 nəfər sözügedən qətnamənin lehinə, 70 nəfər əleyhinə səs verdi, 45 nəfər bitərəf qaldı".

H.Hacıyev qeyd edib ki, münaqişənin həllində hər hansı irəliləyişin olmadığı şəraitdə, Azərbaycan digər beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılmasına müsbət töhfə verə biləcək təşəbbüslərini dəstəkləyir və bundan sonra da bu məsələnin beynəlxalq təşkilatların gündəmində saxlanması və ədalətli mövqeyimizin müdafiə olunması istiqamətində səylərini davam etdirəcək".