İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: Minsk qrupu başda olmaqla, AŞ PA-da Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var

Ziyafət Əsgərov: Minsk qrupu başda olmaqla, AŞ PA-da Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var

Trend:

ATƏT-in Minsk qrupu başda olmaqla, Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov əlavə edib ki, Azərbaycanın haqq səsinin eşidilməməsi, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin etiraf edilməməsi göstərdi ki, Avropa Şurası Parlament Assambleyasında Ermənistanın işğalını müdafiə edənlər var:

“Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Azərbaycanın orada dostları da çoxalıb. Çünki gördüyünüz kimi, bu sənəd 5-6 səs çoxluğu ilə həll olunurdu. Amma ikinci məsələ - Sərsəng su anbarı ilə bağlı məsələ qəbul olundu və bu sənəddə Ermənistanın işğalçı olması bilavasitə göstərildi. Lakin sırf birinci qətnamənin qəbul olunmaması bir daha onu göstərdi ki, ATƏT-in Minsk qrupu başda olmaqla, Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Ümumiyyətlə, biz hesab edirik ki, Minsk qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib".

O, əlavə edib ki, məlum qətnamənin qəbul olunmaması da Minsk qrupunun bir müddət əvvəl apardığı təbliğatın nəticəsi oldu: "Amma biz ona ümid edirik ki, Avropa Şurasında Azərbaycanın dostları var, səsimizi eşidən insanlar var. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu bir daha onu göstərdi ki, Azərbaycanın haqq səsini orada müdafiə edənlər hələ ki var”.