İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Səylər yardımçı məsələlərə deyil, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına yönəlməlidir

XİN: Səylər yardımçı məsələlərə deyil, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına yönəlməlidir
“Ermənistan xarici işlər nazirinin sözlərindən belə təəssürat yaranır ki, Ermənistan XİN-də “status-kvo” sözünün kəsb etdiyi mənanı başa düşmürlər”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevErmənistan xarici işlər nazirinin İrəvanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində “status-kvo” deyildikdə, siyasi və hüquqi məzmunda Ermənistan tərəfindən güc tətbiq edilərək, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı etnik təmizləmə nəticəsində yaranmış vəziyyət nəzərdə tutulur: “Ermənistan xarici işlər naziri rəsmi İrəvanın “status-kvo”nun davam etməsində maraqlı olmadığını deyirsə, onda Ermənistan öz qoşunlarını BMTTəhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrində tələb olunduğu kimi dərhal, qeyd-şərtsiz və tam şəkildə bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

H. Hacıyev qeyd edib ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında “status-kvo”nun qəbuledilməzliyi bir daha vurğulanıb: “Akvil bəyanatında “status-kvo”nun dəyişdirilməsinə xidmət edən və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tutan əsas prinsiplər müəyyən edilib. Bunun əsasında da yenilənmiş Madrid prinsipləri hazırlanıb. Ermənistan hərtərəfli sülh sazişi üzərində işləmək, etimad quruculuğu tədbiri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında dialoq yaratmaq barədə təklif və çağırışları rədd edib. Əksinə öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmayaraq ölkəmizə qarşı işğalını davam etdirməkdədir. Bundan sonra Ermənistanın sülhdən danışması və Azərbaycana qarşı iddialar irəli sürməsi cəfəngiyatdır və məsuliyyətsizliyin son həddidir”.

H. Hacıyev bildirib ki, münaqişənin hərtərəfli həllinə və regionda davamlı sülhün təmin olunmasına nail olmaq üçün səylər insidentlərin araşdırılması kimi texniki və yardımçı məsələlərə deyil, münaqişənin və atəşkəsin pozulmasının köklü səbəbi olan işğalın aradan qaldırılmasına və Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına yönəldilməlidir: “Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesində köməkçi vasitə kimi insidentlərin araşdırılması kimi texniki mexanizmlərin yaradılması mümkündür. Təəssüflər olsun ki, insidentlərin araşdırılması kimi texniki məsələlərin önə çəkilməsi və Ermənistanın Azərbaycana qarşı işğal və ərazilərini ilhaq etməsinə göz yumulması “status-kvo”nun davam etməsinə və nəticə etibarilə, Ermənistanın maraqlarına xidmət edir. Ermənistan silahlı qüvvələrinin çıxarılması və Azərbaycan ərazilərinin işğalına son qoyulması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin adət etdikləri azad vaxt rejimində deyil, müəyyən edilmiş konkret vaxt çərçivəsində həyata keçirilməlidir. Ermənistan başa düşməlidir ki, qeyri-qanuni gücdən istifadə və işğal nəticəsində yaranmış vəziyyət heç bir halda legitim hesab edilə bilməz və rəsmi İrəvan bu yolla güddüyü siyasi məqsədlərə nail ola bilməz. “Status-kvo”nun dəyişdirilməsində və münaqişənin ərazi bütövlüyü, suverenlik və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında siyasi həllində ən maraqlı tərəf Azərbaycandır. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”. 

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “status-kvo”nun saxlanılmasında Azərbaycanı təqsirli bilib. O qeyd edib ki, Azərbaycan vəziyyəti gərginləşdirir və ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həll olunması çağırışlarına məhəl qoymur.