İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xocalı soyqırımı Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları tərəfindən birgə anılıb

Xocalı soyqırımı Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları tərəfindən birgə anılıb

24.02.2016

Xocalı soyqırımının 24-cü ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini etiqad daşıyıcılarının iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub. Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun, Los Ancelesdə fəaliyyət göstərən Pico Shul yəhudi sinaqoqunun və nüfuzlu Kral Fəhd Məscidinin birgə təşkilatçılığı ilə məsciddə keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, tədbirdə Los Ancelesdəki müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri, Federal Təhqiqatlar Bürosunun Los Anceles nümayəndəliyinin əməkdaşları, müxtəlif siyasətçilər, bir sıra ölkələrin baş konsulları, fəxri konsulları və konsulluq əməkdaşları, eləcə də müxtəlif etnik icmaların fəalları iştirak edib.

Tədbirdə müsəlman icması adından Kral Fəhd Məscidinin direktoru Məhəmməd Xan, İmam Əbdül Hafiz, yəhudi icması adından Ravvin Dov Kohen və Ravvin Yona Bukstayn, xristian icması adından Rahib Oliver E. Blue, Yepiskop Xuan Karlos Mendez və Eamon Kelly Ata çıxış edərəkXocalı qətliamının dəhşətləri ilə bağlı öz təəssüratlarını bölüşüblər. Natiqlər hazırda dünyanın müxtəlif ölkələrində münaqişələr nəticəsində hər gün yüzlərlə insanın qətlə yetirilməsinə diqqət çəkərək bildiriblər ki, bugünkü faciələrin kökündə Xocalı qətliamı kimi dəhşətli hadisələrin vaxtında qarşısının alınmaması dayanır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışındaXocalı qətliamının bəşəriyyətin yaddaşında qanlı bir ləkə olduğunu söyləyib və Ermənistanın apardığı işğalçılıq siyasətindən bəhs edib. O bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan da daxil olmaqla, ölkənin siyasi rəhbərliyində təmsil olunan bir çox şəxslərin Xocalı qətliamında iştirakı faktlarla sübuta yetirilsə də, onlar indiyə qədər məsuliyyətdən yayına biliblər. Diplomat son illərdə Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maariflənməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyini diqqətə çatdıraraq, bu qətliamın dünyanın 10-dan çox dövləti və ABŞ-ın 20 ştatı tərəfindən tanındığını və qətiyyətlə pislənildiyini diqqətə çatdırıb. Bu səpkidə baş konsul son bir neçə həftə ərzində qətliamın pislənilməsi ilə bağlı bəyannamələr imzalamış Havay, Montana və Nebraska ştatlarının qubernatorlarına təşəkkürünü bildirib. İşğalın vurduğu ziyanlara və yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın müstəqil dövlət kimi inkişafından bəhs edən baş konsul, prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin sürətlə çağdaşlaşdığını, əsl tolerantlıq məkanına çevrildiyini qeyd edib.

Daha sonra Xocalı qətliamının canlı şahidlərindən Anar Usubov çıxış edərək, öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Tədbir Xocalıqətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə Baş Konsulluğun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə lentə alınmış video-müsahibənin nümayişi ilə davam edib.

Tədbir unudulmaz dua mərasimi ilə başa çatıb. Müsəlman, xristian və yəhudi din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının xatirəsinə hər üç dinə mənsub dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.

Tədbirin sonunda Xocalı qurbanları üçün ehsan süfrəsi açılıb.