İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Afinada Xocalıya həsr edilmiş “Sonsuz dəhliz” filminin və kitabın təqdimatı keçirilib

Afinada Xocalıya həsr edilmiş “Sonsuz dəhliz” filminin və kitabın təqdimatı keçirilib

24.02.2016

 Fevralın 22-də Afinadakı “İdeal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan, beynəlxalq mükafatlar laureatı  “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi  və  “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla, 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri  Rəhman Mustafayev deyib: “Azərbaycan illər boyu beynəlxalq ictimaiyyəti təsirləndirmək və Xocalıda baş vermiş mülki vətəndaşların soyqırımına gətirib çıxaran hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət verməyə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasını dünya ictimaiyyətinə çatdırılması üçün 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!”  beynəlxalq kampaniyası başlanıb. Kampaniya Yunanıstan da daxil olmaqla, 30-dan artıq ölkədə 100 mindən artıq insanın və 100-dən artıq milli qrup və assosiasiyaların iştirakı ilə həyata keçirilib. Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından kampaniyaya dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyasi qiymətin verilməsi, təkcə  qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməsi üçün vacibdir”.

"Sonsuz Dəhliz”in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışaraq məlumat verib ki, layihənin ideyası onun litvalı həmkarı, hərbi jurnalist Riçard Lapaitis və rusiyalı jurnalist Viktoriya İvlevanın Xocalı qətliamında sağ qalmış iki şəxslə görüşmək üçün Azərbaycana yenidən qayıdışından sonra ortaya çıxıb.

Filmin fasiləsi zamanı Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.       Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığı haqda yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.

Qeyd edək ki, 2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb. Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.