İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan KİV-ləri Rusiyanın tanınmış publisistini Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti söylədiyinə görə təhqir edirlər

Ermənistan KİV-ləri Rusiyanın tanınmış publisistini Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti söylədiyinə görə təhqir edirlər

07.03.2014

Rusiyanın “Mediafax” informasiya agentliyi “Proxanov ətrafında ehtiraslar: Ermənistan Qarabağ münaqişəsi haqqında həqiqətdən qəzəblənmişdir” sərlövhəli məqalə dərc etmişdir. Məqalədə Ermənistanı etnik təmizləmədə ittiham etmiş və Dağlıq Qarabağ münaqişəsinin başlanması haqqında həqiqəti söyləmiş “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanovun bəyanatına Ermənistan KİV-lərinin reaksiyasından söhbət açılır.

“Mediafax” yazır ki, Ermənistanın “Milli ideya” adlı gündəlik elektron qəzeti “Aleksandr Proxanov imperiyanın “idbarıdır” sərlövhəli məqalə dərc etmişdir. Məqalədə Proxanov antierməni mövqeyi tutmaqda ittiham olunur, tanınmış publisistin “RTR” televiziya kanalında “İmperiya əsgərləri” adlı proqramdakı çıxışında guya “Rusiyanın strateji müttəfiqlərini təhqir etdiyi” bildirilir. Halbuki erməni nəşri özü Proxanovu “idbar”, “donuz cəmdəyi”, “əsli-nəcabəti olmayan bədheybət” kimi epitetlərlə təhqir edir.

Erməni tərəfinin qəzəbinə səbəb olan budur ki, Proxanov Qarabağ münaqişəsi barədə öz mövqeyini hər hansı bir Azərbaycan KİV-ində deyil, Rusiyanın federal dövlət telekanalının efirində bildirməyə cəsarət etmişdir. Axı bu kanala təkcə Rusiyada və MDB-də deyil, bütün dünyada baxırlar. Məlum olmuşdur ki, tanınmış rus publisistin bütün “günahı” bundan ibarətdir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin mənbələri barədə öz fikrini bildirmişdir və bu fikir Ermənistan tərəfinin mövqeyindən tamamilə fərqlənir.
Proxanov demişdir ki, “Ermənistan-Azərbaycan münaqişəsində ilk qırğınları ermənilər hələ 1988-ci ilədək törətmişdilər”. Halbuki erməni təbliğatı israr edir ki, guya “1988-ci ilin fevralında Sumqayıtda törədilmiş soyqırımı iki xalq arasında silahlı münaqişənin başlanğıcı olmuşdur”. Proxanov isə tamamilə başqa bir əhvalatdan, məsələn, erməni millətçilərinin dinc azərbaycanlı sakinləri Ermənistandan qovmasından söhbət açır.

Proxanov demişdir: “Onlar qış vaxtı ayaqyalın dağ aşırımlarını keçib Azərbaycanda nicat tapmağa məcbur olmuşlar. Azərbaycanlılar – uşaqlar, körpəsi olan analar, qocalar, kişilər qarlı aşırımlarda soyuqdan donmuşlar. Yaşadıqları doğma yurdlarını, öz qəsəbələrini, bağ ərazilərini tərk edib Azərbaycana getmişlər”.

Proxanov həmçinin qeyd etmişdir ki, “Qarabağ Azərbaycanın ərazisidir”.

Aleksandr Proxanov daha sonra deyir: “Sovet birliyinə dəhşətli zərbə endirildi və bu zərbə Qarabağ idi. Mən münaqişədən xeyli əvvəl Ermənistanda olmuşdum, orada Qafan deyilən kiçik bir şəhər var, trolleybusları, yaraşıqlı evləri olan kiçik bir şəhərdir. Qafanın özündə və ətrafında azərbaycanlılar yaşayırdı. Küncdə-bucaqda hiss olunan narazılıqların artdığını da elə o zaman başa düşdüm: ermənilər üçün deyinirdilər ki, guya azərbaycanlılar ermənilərin torpaqlarını ələ keçiriblər, onların suyundan istifadə edirlər. Bütün bunlar Qafan azərbaycanlılarının qovulması ilə nəticələndi. Bu, faciəvi sonluq, ilk etnik təmizləmə idi”.

Daha sonra Proxanov sözünə davam edərək yazır: “Sonra Qarabağ münaqişəsi başlandı: ermənilər Azərbaycandan ayrılmağı, bu ənənəvi Azərbaycan ərazisini ondan qoparmağı qərara aldılar. Beləliklə, müdhiş müharibə başlandı və Qorbaçov onun qarşısını almadı, bu münaqişəyə yad bir münaqişə kimi baxdı. O deyirdi ki, qoy bu ziddiyyətləri müharibə vəziyyətində olan respublikaların və xalqların özləri həll etsinlər. Bu, dəhşətli bir səhv və cinayət idi”.

Proxanovun dediyinə görə, həmin dövrdə Moskvanın siyasətinin əsası bundan ibarət idi ki, o, bütün ziddiyyətləri qızışdırır və ərazi bütövlüyü, sülh üçün məsuliyyəti öz üzərinə götürürdü. Publisist yazır: “Qorbaçov bu məsuliyyəti öz üzərinə götürmədi. Dəhşətli müharibə qızışdı və bu müharibə ətrafında İttifaq sürətlə dağılmağa başladı”.