İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan "öz müqəddəratını təyinetmə" prinsipindən sui-istifadə edir

XİN: Ermənistan

Trend:

"Xocalı soyqırımı və 1 mart 2008-ci ildə Yerevanda törədilmiş siyasi terrorun növbəti ildönümü günlərində BMT-nin İnsan Hüquqları Şurasında çıxış edən Ermənistanın xarici işlər naziri hər hansı xəcalət və ya utanc hissi keçirmədən soyqırım əməllərinin qarşısının alınması, insan hüquqlarının müdafiəsi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi barədə yalan dolu və təhrif olunmuş fikirlərlə çıxış edib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "Ermənistan xarici işlər nazirinin yaddaşını təzələmək istərdik ki, 1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə, bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur".

XİN sözçüsü əlavə edib ki, həmin sənəddə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır: "Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Həmçinin xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz".

O xatırladıb ki, Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər".

H.Hacıyev bildirib ki, Ermənistan güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə törədilmiş etnik təmizləmənin nəticələrini pərdələmək üçün “öz müqəddəratını təyinetmə” prinsipindən sui-istifadə edir. "Ermənistan xarici işlər naziri əslində zaman və məkan baxımdan BMT-nin İnsan Hüquqları Şurasında Xocalı və ölkəmizin digər işğal olunmuş ərazilərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayət əməllərinin etiraf edilməsi, Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyətinə və 1 mart 2008-ci il Yerevan hadisələrinə qiymət verilməsi və həll yollarının təklif edilməsi üçün əlverişli imkanlarına malik olsa da, bundan istifadə etməyib".

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurasında çıxış edərək, digər dövlətə qarşı törədilmiş işğal, təcavüz, terror və qanlı etnik təmizləməni “öz müqəddəratını təyinetmə” kimi təqdim etmək və digər ali dəyərlərdən danışmaq BMT təsisatlarına və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdən başqa bir şey deyil.