İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət barədə hesabat hazırlayıb

Azərbaycan işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət barədə hesabat hazırlayıb

02.03.2016

Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" adlı hesabat hazırlayıb.

Trend-in məlumatına görə, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib ki, martın 1-də təqdim edilən hesabatda qanunsuz iqtisadi fəaliyyət, işğal edilmiş ərazilərə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və s. məsələlər əks olunub.

Onun sözlərinə görə, yeddi hissədən ibarət sənəddə Ermənistanın açıq resurslarından toplanmış məlumatlar əks olunub: "Faktlar göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət aparılır və bu fəaliyyətin təşkilinə görə məsuliyyət Ermənistanın üzərinə düşür".

Hissələr aşağıdakılardan ibarətdir: 1. Giriş. Bu hissədə sözügedən məsələ barəsində və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir. 2. İcmal. Bu hissədə hesabatın gəldiyi nəticələr təqdim olunur. 3. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və bu ərazilərin ilhaq edilməsi. Bu hissədə Ermənistanın işğal olunmuş ərazilərdə nəzarəti həyata keçirməsini təsdiq edən faktlar təqdim olunub. 4. Ermənistanın iqtisadi gəlirlər məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri. Bu hissədə işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyətlər, o cümlədən qanunsuz məskunlaşma, təbii sərvətlərin istismarı, infrastrukturun dəyişdirilməsi haqqında faktlar təqdim olunub. 5. Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlər ilə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti. Beynəlxalq hüquq əsasında ərazilərin işğalı və qeyri-qanuni fəaliyyətlər ilə əlaqədar Ermənistanın daşıdığı hüquqi məsuliyyət təhlil və izah olunur. 6. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər. Burada təxirasalınmaz tədbirlərin siyahısı təqdim olunub.

H.Hacıyev qeyd edib ki, bu ərazilərdə qanunsuz istehsal edilən malların beynəlxalq bazarlara ixracında məhz Ermənistan tranzit məntəqəsi rolunu oynayır: "İşğal edilmiş ərazilərdə infrastruktur obyektlərin tikintisinə dair xeyli faktlar məlumdur, bundan başqa orada şərab-araq məhsulları istehsalı, İKT, bank və s. sahələrdə qanunsuz fəaliyyət həyata keçirilir".

Onun sözlərinə görə, hesabat bütün beynəlxalq təşkilatlara göndəriləcək: "Hesabatın ayrıca fəsli işğal edilmiş ərazilərə köçürülmə faktlarına həsr edilib. Ermənistan rəsmilərinin də etiraf etdiyi kimi, Surayadan 15-20.000 civarında erməni əsilli qaçqın Ermənistan ərazisində yerləşdirilib. Onların içərisindən isə yüzlərlə ailənin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar var. XİN tərəfindən bu gün təqdim olunan “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatda da bu məqamlar öz əksini tapıb".

H.Hacıyev əlavə edib ki, 2005-cı ildə Azərbaycanın təşəbbüsü ilə ATƏT-də işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyət faktlarının araşdırılması üzrə missiya yaradılıb: "Missiya aparılmış araşdırmadan sonra nəticəyə gəlib ki, işğal edilmiş ərazilərdə belə qanunsuz fəaliyyət Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həllinə mane olur".

Hesabatın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz:

http://mfa.gov.az/files/file/MFA_Report_on_the_occupied_territories_March_2016_1.pdf 

no comment