İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan işğala son qoymağı tələb etməyə çağırır

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan işğala son qoymağı tələb etməyə çağırır

12.04.2016

Trend:

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı tələb etməyə çağırır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 13-cü Zirvə toplantısına hazırlıq iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2 aprel 2016-cı ildə Ermənistan atəşkəsi kobud surətdə pozaraq və Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində destruktiv siyasətini bir daha ortaya qoydu: "Bu təxribat əməlinə Azərbaycan Ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verildi və Erməni silahlı qüvvələrinin hücumu dəf edildi. Bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla dünyaya öz əsas niyyətini nümayiş etdirir".

E.Məmmədyarov bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxartmağı və BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırır: "Fürsətdən istifadə edib, İƏT Baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə, həmçinin Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkürümü çatdırmaq istəyirəm. Həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair təmas qrupunun yaradılması barəsində bu konfransın qərarını təqdir etmək istərdim".