İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Moqerini: Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir

Moqerini: Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir

13.04.2016

Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında deyib.

"Ötən ay Ermənistan və Azərbaycana səfərim zamanı Dağlıq Qarabağda olan vəziyyət mənim diqqət mərkəzimdə olub. Sonuncu dəfə plenar iclasda bu məsələ 2011-ci ildə müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir", - deyə Moqerini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı münaqişənin nizamlanması üçün səylərini artıracaq: "Bu münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmağa davam edir, hər iki ölkənin və bütün regionun inkişafı üçün maneədir. Cənubi Qafqaz Avropa İttifaqı üçün vacib bir regiondur, çünki o, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir".

Moqerini bildirib ki, irimiqyaslı münaqişə heç kimin maraqlarına cavab vermir. "İndi hamı anlayır ki, status-kvo yalnız daha böyük zorakılığa gətirib çıxara bilər", - deyə Moqerini bildirib.