İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Ordusuna müasir silah və texnika alışı üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq

Azərbaycan Ordusuna müasir silah və texnika alışı üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq

19.04.2016

Ali Baş Komandanın tapşırığına əsasən, müasir silah və texnika alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq. Bunu Trend-ə Müdafiə Nazirliyindən mətbuat xidmətindən erməni separatçılarına müasir silahların alınması üçün 6,5 milyon dollar məbləğində vəsait toplanılması barədə məlumatı şərh edərkən deyiblər.

Qeyd olunub ki, cəbhədəki son hadisələrdən sonra erməni tərəfinin fəallaşması ancaq təbliğat xarakteri daşıyır və həmişə olduğu kimi, standart pafoslu xəbərlər sırasında yenə də "könüllülər", "diaspor", "varlı ermənilər" və digərlərinin adları hallanır: "Qarabağ separatçıları üçün müasir silah alınması məqsədilə 6,5 milyon dollar məbləğində vəsait toplanılması barədə məlumatın yayılması da sabun köpüyü effektindən başqa heç nəyə yaramır. Hamıya bəllidir ki, dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilərin təşkil etdikləri marafonlar, xeyriyyə və digər tədbirlərdə topladıqları məbləğ nəinki yeni silahların alınmasına, heç səngərlərə zorla doldurulmuş könüllülərə bir qarın yemək verməyə və güllə almağa çatmaz".

Nazirlikdən bildiriblər ki, ermənilərin əksinə olaraq, Azərbaycanın iqtisadi potensialı Silahlı Qüvvələrimizi müasir dövrün tələblərinə uyğun təchiz etməyə, dünyada mövcud olan yeniliklərin, silah və texnikanın tətbiqinə imkan verir: "Son hadisələrdən sonra Azərbaycanın dövlət başçısı, Ali Baş Komandanımız ilk gündən etibarən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının gündən-günə daha da yüksələn templə davam etdiriləcəyini bəyan edib. Onun tapşırığına əsasən, şəhidlərə, onların ailə üzvlərinə və yaralılara tələb olunan maddi, sosial yardımların, mənəvi dəstəyin göstərilməsi işi yerinə yetirilir. Bundan əlavə, bu günlərdə Ali Baş Komandanın xüsusi tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi və əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnika alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq. Görülən bu tədbirlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji durumunun daha da yüksəlməsinə əlavə imkan verən əlavə stimul olacaq".