İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir

Elmar Məmmədyarov: Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir

26.04.2016

Ermənistan rəhbərliyinin bəyanatı məntiqsizdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib: "Bir tərəfdən bəyan edirlər ki, münaqişə yalnız sülh yolu ilə həll edilə bilər, digər tərəfdən isə danışıqlar prosesindən imtina etdiklərini bildirirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi münaqişənin hərbi yolla həlli variantını seçir? Ermənistan rəhbərliyinin məntiqini başa düşmək olmur".

Nazirin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində olması region və danışıqlar prosesi üçün əsas təhlükədir: "Hərbçilər kazarmaya qayıtmalıdır, əks halda hərbi toqquşma istənilən vaxt baş verə bilər".

Azərbaycanın XİN rəhbəri vurğulayıb ki, münaqişənin həlli prosesindən hərbi element çıxarılmalıdır: "İlk növbədə, Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Bundan sonra regiona sülhməramlılar yerləşdirilə bilər, kommunikasiya əlaqələri açıla, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıda bilər".

Nazirin sözlərinə görə, danışıqlar prosesi yenilənmiş Madrid prinsipləri əsasında davam etdirilməlidir: "Yenilənmiş Madrid prinsiplərinin birinci bəndində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması nəzərdə tutulur. Əgər Ermənistan həqiqətən münaqişənin nizamlanmasında maraqlıdırsa, öz hərbçilərini işğal olunmuş ərazilərdən çıxartmalıdır. Və münaqişənin həlli istiqamətində hərtərəfli danışıqlar başlamalıdır".

E.Məmmədyarovun sözlərinə görə, XİN rəhbərləri səviyyəsində hələ ki görüş planlaşdırılmır. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər olacaq.