İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir”

Azərbaycan prezidenti: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir”

24.06.2014

“Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə “dondurulmuş” münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasındakı çıxışında deyib.

Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixən ayrılmaz bir hissəsidir: “Azərbaycanlılar bu regionda min illər, əsrlər boyu yaşayıblar, ermənilər isə bura yalnız 200 il əvvəl gəliblər. Bizim Dağlıq Qarabağdakı heykəllərimiz, mədəni irsimiz çox təəssüf ki, dağıdılıb və dağıdılmaqdadır. Bütün bunları Ermənistanın işğalçı ordusu həyata keçirib. Bu münaqişə ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş ərazilərimizin 20 faizi işğal altındadır. Erməni bandaları tərəfindən etnik təmizləmələr aparılıb və bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bu, ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir, mən deyərdim ki, bütün Azərbaycanın əmələ gəldiyi bir bölgədir və bu, bizim xalqımıza aid bütün coğrafi adlarda özünü göstərir. Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsidir və Ermənistandan başqa bütün dünya ölkələri bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edir. Dağlıq Qarabağda hökm sürən rejimi də heç kim qəbul etmir. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib və işğalçı erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çəkilməsini tələb edib. Lakin çox təəssüf ki, dediyim kimi, bu qətnamələrdəki müddəaların heç biri həyata keçirilmədi. Bu da məhz həmin ikili standartlar siyasətinin nəticəsidir. Bəzən elə hallar olur ki, BMT-nin qətnamələri bir neçə saat ərzində yerinə yetirilir. Bizim bu məsələmizdə isə artıq 20 il vaxt keçib, amma ortada heç bir mexanizm yoxdur ki, bunu həyata keçirsin. Ermənistan bu əraziləri tərk etmək istəmir, status-kvonu saxlamaq istəyirlər, bu da bütün beynəlxalq vasitəçilərin, Minsk Qrupunun səyləri ilə ziddiyyət təşkil edir. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü - Rusiya, ABŞ və Fransa hər dəfə qeyd ediblər ki, mövcud status-kvo qəbuledilməzdir, Ermənistan işğal etdiyi ərazilərdən işğalçı qüvvələrini çıxarmalıdır. Amma bütün bunlara əməl olunmur, beynəlxalq hüquqa, dünyanın aparıcı ölkələrinin çağırışlarına, AŞPA-nın qəbul etdiyi qətnamələrə, xüsusilə də 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməyə əməl olunmur. Belə bir qətnamə Avropa Parlamenti tərəfindən də qəbul olunmuşdu. Eyni zamanda ATƏT-in qərarı var və bütün bu sənədlər işğal edilmiş ərazilərdən Ermənistanın çıxmasını tələb edir. Çox təəssüf ki, münaqişə hələ də öz həllini tapa bilmir”.

Ermənilərin işğal etdikləri ərazilərdə abidələri, qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirib: “Azərbaycan bu məsələyə konstruktiv yanaşır və 20 il ərzində biz sülh danışıqları prosesinə tərəfdar olduğumuzu ifadə etmişik. Lakin biz anlamalıyıq ki, belə bir proses sonsuza qədər davam edə bilməz, tez və ya gec nəsə baş verməlidir. Ona görə də Ermənistan rəhbərliyi XXI əsrdə digər dövlətin ərazisinin işğalının qəbuledilməzliyini nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Ermənistanın burada - demokratiya evində çıxış etmiş əvvəlki prezidenti demişdi ki, guya ermənilərlə azərbaycanlılar arasında milli uyğunsuzluq mövcuddur. Hazırkı prezident də münaqişədən danışarkən bunun dini zəmində baş verdiyi haqda ifadələr səsləndirmişdi. Bunlar qəbulolunmazdır. Çünki azərbaycanlıların heç bir başqa xalqla uyğunsuzluğu yoxdur. Bu monoetnik ölkənin 99 faizi ermənilərdən ibarətdir və azərbaycanlılar da daxil olmaqla, bütün digər millətlər Ermənistanı tərk etmək məcburiyyətində qalıblar. Biz bu problemləri anlamalıyıq, ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik”.

Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindəndir. Ermənistanın tez-tez işlətdiyi, xalqların öz müqəddəratını təyin etmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir.Üstəlik, burada ermənilər özləri öz müqəddəratını təyin ediblər. Ermənistan dövləti yaradılıb, üstəlik bu dövlət Azərbaycana məxsus tarixi torpaqlarda yaranıb. Siz bəlkə də bunu bilmirsiniz, amma Ermənistan nümayəndə heyətinin üzvləri bu tarixi yaxşı bilirlər. Rusiya imperiyasının süqutu nəticəsində yaradılmış Azərbaycan Demokratik Cümhuriyyətinin 1919-cu ildə qəbul etdiyi ilk qərarlarından biri o oldu ki, İrəvana Ermənistan respublikasının paytaxtı statusu verildi. Yəni, bunların artıq bir ölkəsi var. İndi harada ermənilər yaşayırsa, orada onlar özləri üçün dövlət yaratmalıdırlar?! Və nəyə görə belə bir yer məhz Azərbaycan olmalıdır?! Bu münaqişənin həlli ilk növbədə ölkəni uçuruma aparan Ermənistan hökumətinin qurbanına çevrilmiş erməni əhalisinin xeyrinə olardı”.